Bitki mənşəli virusların ölkəyə daxil olmasının qarşısını almaq üçün toxumların virusdan azad olunması əsas tələblərdəndir
8 Oktyabr 2021 15:46
Pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilk dəfə 2014-cü ilin oktyabr-noyabr aylarında İsrailin cənubunda altı pomidor sahəsində aşkarlanıb. 2018-ci ilin yayından Almaniya, İtaliya, İspaniya, Fransa kimi bir sıra Avropa ölkələrində yayıldığı haqqında məlumatlar verilib.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna əsasən Badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdə rast gəlinir. Bu virus birbaşa və dolayı yolla yayılır. Birbaşa yayılma yolu toxum, torpaq, alaq otları vasitəsilə yayılmadır. İkincili yayılma yolları isə əkin sahəsində istifadə edilən alətlər, işçilərin əli, paltarları və tozlandırıcı həşəratlardır. Virus əkin və səpin materialı ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.
Hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həddə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətlərini gözlə görməklə təyin etmək mümkün olmadığına görə idxal zamanı bütün pomidor və bibər toxumları laboratoriyada molekulyar səviyyədə yoxlanılır. Yoluxmuş bitkilər məhv edildikdən sonra ardıcıl sanitariya tədbirləri həyata keçirilir. Substratlar və ya qida mühiti, qoruyucu geyimlər, alətlər və qabların virusun yayıldığı istehsal sahələrindən sağlam bitkilər olan ərazilərə aparılmaması, antivirus təsirli dezinfeksiyaedicilərlə əllərin, qabların, alətlərin və avadanlıqların dezinfeksiyası, istixananın girişinə dezinfeksiyaedici döşəklərin qoyulması, istehsal müəssisəsinin ərazisinin su və yuyucu vasitələrlə təmizlənməsi tələb olunur. Virusla yoluxmuş sahələrdə ən azı bir il müddətinə əkin aparılmır.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş