Bitki sağlamlığı sahəsində 5 normativ texniki sənəd layihəsi Elmi Komitədə müzakirəyə çıxarılıb
25 Yanvar 2021 16:56
Ölkədə bitki sağlamlığının təmin edilməsi məqsədilə elmi bazanın formalaşdırılması, müvafiq texniki normativ sənədlərin, təlimat və qaydaların hazırlanması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən elmi araşdırmalar və risk qiymətləndirmələri davam etdirilir. Belə ki, İnstitutun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsi tərəfindən sözügedən sahədə müxtəlif məsələləri özündə ehtiva edən 5 adda normativ texniki sənəd layihəsi hazırlanaraq İnstitutun və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirak etdiyi Elmi Komitədə müzakirəyə çıxarılıb.
“Aflatoksinin elmi risk qiymətləndirilmə hesabatı”, “Fındıqların aflatoksinlə çirklənməsinin qarşısının alınması və azaldılması norma və qaydalarına dair Təlimat”, “Qurudulmuş fındıq ləpəsinin keyfiyyət göstəricilərinə dair Təlimat”, “Emal olunmuş fındığın keyfiyyət göstəricilərinə dair Təlimat”, “Qabıqlı fındıqların keyfiyyət göstəricilərinə dair Təlimat” adlı sənəd layihələrində fındıq məhsullarının dövriyyəsinin tənzimlənməsində müasir tələblər, onun yığımı, daşınması, qurudulması, saxlanılması və ixracı, habelə aflatoksinin quruluşu, yaranma səbəbləri, qida məhsullarında miqdarı, beynəlxalq səviyyədə tənzimləmələri, əmələ gəlməsinin qarşısının alınması yolları və insan sağlamlığına təsiri ilə bağlı müxtəlif araşdırmaların nəticələri təhlil edilib.
Elmi Komitədə keçirilən müzakirələrdə sənəd layihələri mütəxəssislər tərəfindən böyük marağa səbəb olub və bu barədə geniş fikir mübadiləsi aparılıb. Sənəd layihələri növbəti mərhələdə aidiyyəti qurumlara təqdim ediləcək.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş