“Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional konfrans işə başlayıb
20 Oktyabr 2020 16:25
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə oktyabrın 20-də “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfrans işinə başlayıb.
Açılış nitqi ilə çıxış edən AQTA sədri Qoşqar Təhməzli iştirakçıları salamlayaraq bildirib ki, BMT-nin Baş Assambleyası tərəfindən 2020-ci ilin “Beynəlxalq bitki sağlamlığı ili” elan olunmasına həsr edilmiş bu tədbir də mühüm əhəmiyyət daşıyır, qarşılıqlı fikir, təcrübə mübadiləsi üçün imkanlar açır. Natiq qeyd edib ki, il boyu müxtəlif ölkələrdə keçirilən tədbirlərdə bitki sağlamlığının qorunmasının vacibliyi diqqət mərkəzində olub, dünyada aclıq və ərzaq qıtlığının aradan qaldırılması, yoxsulluğun azaldılması və iqtisadi fəallığın gücləndirilməsinin stimullaşdırılması, ekoloji vəziyyətin yaxşılaşması kimi qlobal məsələlər dövlət, qeyri-hökumət təşkilatları, beynəlxalq qurumlar, geniş ictimaiyyət tərəfindən müzakirə edilib, mövcud problemlərdən çıxış yolları müəyyən olunub.
Q. Təhməzli Ermənistanın respublikamıza təcavüzü ilə bağlı da konfrans iştirakçılarına məlumat verərək, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilmədiyini bildirib, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə, Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə rayonlarına raket hücumları nəticəsində sentyabrın 27-dən bu günə qədər dinc əhali arasında çox sayda mülki vətəndaşımızın həlak olduğunu, yaralandığını, böyük dağıntıların olduğunu faktlarla diqqətə çatdırıb. Agentlik sədri onu da qeyd edib ki,torpaqlarımızın işğal altında saxlanılması, digər cinayət əməlləri ilə yanaşı, həmin ərazilərin ekoloji terrora məruz qalmasına, fauna və floraya külli miqdarda ziyan vurulmasına gətirib çıxarıb.
AQTA sədri daha sonra qeyd edib ki, bitki sağlamlığı ilə bağlı bu tədbirin respublikamızda keçirilməsi diqqətin bitki sağlamlığı məsələlərinə yönəldilməsi baxımından əhəmiyyətlidir. Xüsusən, dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı böyük resursların sərf edildiyi indiki şəraitdə, iqtisadi və sosial vəziyyətə mühüm təsiri olan bitki sağlamlığının qorunması çox böyük önəm kəsb etməkdədir. Daha sonra ölkədə bitki sağlamlığı ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verən Agentlik sədri, “Beynəlxalq bitki sağlamlığı ili” çərçivəsində beynəlxalq təşkilatlar və ölkələr tərəfindən həyata keçirilən tədbirlərin bu sahədə əməkdaşlığın gücləndirilməsinə, təbiətin qorunmasına və dünyada davamlı inkişafa öz töhfəsini verəcəyinə inandığını bildirib.
Konfransın açılış hissəsində, həmçinin Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın katibi Jingyuan Xia, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının rəhbəri Nico Horn, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak çıxış edərək, tədbirin təşkilatçısı olan AQTA rəhbərliyinə təşəkkürlərini bildiriblər. Videokonfransın əhəmiyyətini vurğulayan çıxışçılar bu konfransın Azərbaycanda bitki sağlamlığı sahəsinin inkişafına, daxili və xarici bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli, təhlükəsiz bitki və bitkiçilik məhsullarının istehsalına müsbət təsir göstərəcəyini, region ölkələri arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyini ifadə ediblər.
Qeyd edək ki, “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional konfrans öz işini 20-21 oktyabr tarixlərində davam etdirəcək.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş