Bitki və bitkiçilik məhsullarının idxalçıları ilə görüş keçirilib
28 Aprel 2022 11:11


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) bitki və bitkiçilik məhsullarının idxalçıları ilə videokonfrans formatında görüş keçirilib.
Əkin-səpin materialları və digər qruplara aid qeyri-qida mənşəli bitkiçilik məhsullarının idxalçılarının iştirak etdiyi görüşdə Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunda yeni yaradılmış “Əkin-səpin materiallarına və digər qruplara aid fitosanitar məhsullara idxal karantin icazəsinin verilməsi üçün elektron müraciətin edilməsi Qaydası” ilə bağlı məlumat verilib. Müraciət növünün elektronlaşdırılmasının həmin sahədə bir sıra çətinliklərin aradan qaldırılması, müraciətlərin icrasında tam şəffaflığın və izlənmə mexanizminin formalaşdırılması, Agentlik tərəfindən idxala icazə sənədlərinin verilməsilə əlaqədar vaxt itkisinin qarşısının alınması, gömrük orqanları ilə məlumat mübadiləsinin daha operativ və vaxtında həyata keçirilməsi baxımından zəruriliyi və əhəmiyyəti vurğulanıb.
Sonda cari ilin 16 may tarixindən etibarən sözügedən sahədə müraciətlərin elektron qaydada qəbul olunacağı, hər hansı çətinliklə rastlaşdıqda isə müraciət üçün müvafiq metodiki köməkliyin göstəriləcəyi bildirilib.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
