Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
6 Avqust 2021 16:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik məhsullarının istehsalçıları və ixracatçıları ilə görüş keçirib. Videokonfrans formatında keçirilən görüşdə AQTA mütəxəssisləri fındıq, nar, soğan, xiyar, gilas, şaftalı məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlara zəruri məlumatlar verib.
Tədbirdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Görüşdə bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin üzərinə düşən məsuliyyət onların diqqətinə çatdırılıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Ölkə üçün xarakterik olmayan çəyirtkə növlərinin miqrasiyası ilə bağlı monitorinqlər aparılır
Son günlər ölkə ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə invaziv növlərə aid bəzi çəyirtkələrin miqrasiyası və populyasiya sıxlığının artması müşahidə olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif ərazilərində yerləşən 95 məntəqədə müşahidələr və monitorinqlər həyata keçirilib. Laboratoriya analizlərinin nəticələrinə əsasən, ölkə ərazisində karantin tətbiq edilməyən invaziv növlərdən Şərq qozbel çəyirtkəsi, kiçik xaçlı çəyirtkə və barbar çəyirtkəsinin miqrasiyası qeydə alınıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, bu növlər Azərbaycan faunası üçün xarakterik deyil və onların Qazaxıstan və Rusiya ərazilərindən miqrasiya etdiyi ehtimal olunur. Qeyd edək ki, fitosanitar təhlükəsizliyin təmin edilməsi və çəyirtkələrə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə monitorinqlər və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir. Zərərvericilərin populyasiya sıxlığının nəzarətdə saxlanılması, onların kənd təsərrüfatı sahələrinə vurduğu zərərin minimuma endirilməsi və digər ərazilərə yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Daha ətraflı:
Fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Dağlıq Şirvan regional bölmələri tərəfindən bitki sağlamlığının qorunması, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi məqsədilə fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər təşkil olunub. "Bitki mühafizə vasitələrindən və pestisidlərdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı" çərçivəsində Dağlıq Şirvan regional bölməsində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından ümumilikdə 52 fermer iştirak edib. Eyni zamanda, Tərtər rayonunda fəaliyyət göstərən meyvə bağlarında da aqronomların, bağ və təsərrüfat rəhbərlərinin, eləcə də mövsümi işçilərin iştirakı ilə görüşlər keçirilib. Tədbirlər zamanı iştirakçılara pestisidlərin və digər aqrokimyəvi maddələrin düzgün seçilməsi və tətbiqi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyi, kimyəvi preparatların yalnız təyinatı üzrə və müəyyən edilmiş norma və qaydalara uyğun istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Pestisidlərin normadan artıq tətbiqinin insan sağlamlığı, ətraf mühit, torpaq və su ehtiyatları, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyi diqqətə çatdırılıb. Mütəxəssislər tərəfindən kimyəvi maddələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi, bioloji mübarizə üsullarının üstünlükləri və əhəmiyyəti izah edilib. Əkin sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi bildirilib. Bununla yanaşı, regionlarda yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən Gavalının cibcibə virusu, Qonur monilioz çürümə, Qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, profilaktik və mübarizə tədbirləri barədə geniş məlumat verilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb.
Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri həyata keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə Lənkəran şəhəri, eləcə də rayonun Aşağı Nüvədi, Girdəni və Separadi kəndlərində monitorinqlər və mübarizə tədbirləri həyata keçirib. Monitorinqlər zamanı AQTA-nın əməkdaşları və Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən karantin tətbiq edilən təhlükəli zərərvericinin - Amerika ağ kəpənəyinin birinci nəsil populyasiyası aşkarlanıb. Bununla əlaqədar operativ mübarizə tədbirlərinə başlanılıb. Zərərvericinin yayılmasının qarşısını almaq məqsədilə bu ərazilərdə mexaniki və kimyəvi mübarizə üsulları tətbiq edilib. Kimyəvi mübarizə tədbirləri həyata keçirilərkən insan və heyvan sağlamlığının, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə ciddi riayət olunub. Bununla yanaşı, təsərrüfat sahibləri və vətəndaşlar arasında maarifləndirmə işləri aparılıb. Onlara Amerika ağ kəpənəyinin kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərər, zərərvericinin vaxtında aşkar edilməsi, aqrotexniki qulluq və mübarizə üsulları barədə ətraflı məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlanıb –Video / Foto
Giriş