Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
17 Yanvar 2025 17:16
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib.
“E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Bu sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir.
Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar.
Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır.
* Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır.
* Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir.
* Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır.
* Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır.
Bu sistem, inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir.
Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.
Oxşar xəbərlər
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş