Bugünədək aparılan təhlillər nəticəsində yerli pomidorlarda qonur qırışıqlıq virusu aşkar olunmayıb
28 Yanvar 2021 19:05
Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Məlum olduğu kimi, ölkəmizdən Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan Respublikasından Qazaxıstan Respublikasına 1363,46 ton pomidor ixrac olunub. 2020-ci il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.
Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusunun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub. Bildirilir ki, bugünədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcəkdir.
Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstan Respublikasının səlahiyyətli orqanına göndərilib.
Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş