Canlı yayımda "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulan yeniliklərlə bağlı məlumat veriləcək
24 Noyabr 2022 14:45


25 noyabr 2022-ci il tarixində saat 12:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi Feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
Verilişdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, bu qanunda nəzərdə tutulan qida məhsullarının etiketlənməsi ilə əlaqədar yeniliklər, xüsusi təyinatlı qida məhsullarına nəzarət və qida zənciri üzrə fəaliyyət göstərən obyektlərdə çalışan işçilərin tibbi müayinədən keçirilməsinə dair tələblərlə bağlı izləyicilərə geniş məlumat veriləcək.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın Qida zəncirinə nəzarət şöbəsinin müdiri Elşad Cəbrayılova ünvanlaya bilərsiniz.
“Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.
Oxşar xəbərlər

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
