Cari ilin yanvar-oktyabr ayları ərzində ölkəyə idxal edilən bir sıra bioloji fəallığa malik qida əlavələrində uyğunsuzluq aşkar edilib
21 Oktyabr 2021 16:06
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
2021-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəyə idxal edilən bir sıra bioloji fəallığa malik qida əlavələrinə keçirilən baxış zamanı uyğunsuzluqlar aşkar edilib. Yoxlama zamanı götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılan müayinələr nəticəsində idxal olunan məhsul partiyalarında uyğunsuzluqlar aşkar edildiyi üçün istehlaka yararsız olması ilə bağlı qərar qəbul edilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülüb.
Cari dövr ərzində uyğunsuzluqlar aşkar edilmiş bioloji fəallığa malik qida əlavələri aşağıdakılardır:
1. “Healthy Body” MMC tərəfindən Türkiyədən idxal edilmiş 3000 ədəd BFMQƏ partiyası (MAFAnMM və BÇQB aşkar edildiyi üçün) məhv edilib.
2. “Jala Pharma” MMC tərəfindən Rumıniyadan idxal edilmiş 1000 ədəd BFMQƏ partiyası (qurğuşun (Pb), kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi üçün) məhv edilib.
3. Fiziki şəxs Abbasov İlkin Elxan oğlu tərəfindən Türkiyədən idxal edilmiş 2500 ədəd BFMQƏ partiyası (qablaşdırmasında uyğunsuzluqlar aşkar edildiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
4. “Azəri Med” MMC tərəfindən Türkiyədən idxal edilmiş 23424 ədəd BFMQƏ partiyası (orqanoleptik göstəriciləri üzrə uyğunsuzluqlar aşkar edildiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
5. Fiziki şəxs Fətullayev Elşad Mikayıl oğlu tərəfindən Türkiyədən idxal edilmiş 4915 ədəd BFMQƏ partiyası (kadmium (Cd)) kütlə payının qüvvədə olan texniki normativ aktların tələblərinə cavab vermədiyi üçün) ixrac edən ölkəyə geri qaytarılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər
Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
Daxil olan müraciət əsasında Masallı rayonu, Köhnə Alvadı kəndində fəaliyyət göstərən, Abuşov Ümid Alış oğluna məxsus “Alış” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsulları (qənnadı, makaron, süd, kolbasa) aşkarlanıb. İstifadə müddəti bitmiş məhsulların satışının qarşısı alınıb və faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Lənkəranda fəaliyyət göstərən mağazada istehlaka yararsız məhsullar aşkarlanıb
Lənkəran rayonu, Lənkəran şəhəri, M.Mustafaxan küçəsi 20B ünvanında fəaliyyət göstərən, Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60.5 litr içki və 1.4 kq qida məhsulunun satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.