Cənub sovkasının ekspress risk təhlili aparılıb
8 Dekabr 2022 16:39
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Cənub sovkasının (Spodoptera eridania) ekspress risk təhlili həyata keçirilib. Təhlilin nəticələrinə əsasən, dünyanın bir sıra ölkələrində yayılan bu zərərverici bitkilərə və məhsuldarlığa ciddi ziyan vurur.
Belə ki, Cənub sovkasının vətəni Amerika qitəsinin tropik regionlarıdır. Bu, Mərkəzi və Cənubi Amerikada, o cümlədən Karib dənizi ətrafından Argentinaya qədər olan ərazilərdə geniş yayılmış polifaq zərərverici növüdür. Afrika ölkələrində aparılmış ilkin müşahidələr zamanı Cənub sovkasına manyok, pomidor, qarğıdalı və amarant bitkilərində rast gəlinib. Asiya qitəsində bu zərərvericiyə ilk dəfə 2019-cu ildə Hindistanda təsadüf olunub. Cənub sovkası sürfələrinin ölkənin Maharaştra əyalətinin Tamqaon kəndində soya əkilən tarlalara zərər verdiyi müşahidə edilib. Zərərvericinin Azərbaycanda aşkar olunması ilə bağlı rəsmi məlumat qeydə alınmayıb.
Cənub sovkasına polifaq zərərverici kimi mürəkkəbçiçəklilər, badımcançiçəklilər, paxlalılar, qırtıckimilər, pəncərkimilər və əməköməcikimilər daxil olmaqla, 58 fəsiləyə daxil olan 200-dən çox bitki növündə rast gəlinib. Bundan başqa, şirin kartof, şirin bibər, pomidor, pambıq, kələm, lobya, badımcan, qarğıdalı, turp, manyok, tütün və bir çox dibçək bitkiləri də zərərvericinin ziyan vurduğu bitkilərdəndir.
Cənub sovkası əsasən bitkinin yarpaqları ilə qidalanır və həddindən artıq sirayətlənmə zamanı bitkini tamamilə yarpaqsız qoyur. Zərərverici meyvə və çiçəklərə də ziyan vura bilir. Örtülü təsərrüfatlarda tırtıllar şitillərə ciddi zərər vurmaq potensialına malikdir. Cənub sovkasının cavan tırtılları yarpaqların yumşaq lətli hissəsi ilə qidalanaraq onların skeletləşməsini törədir. Yaşlı tırtıllar isə müxtəlif hissələr, hətta gövdə ilə qidalanmaqla, bitkinin sağlamlığına zərər vurur. Məsələn, zərərverici ilkin olaraq pomidor bitkisinin yarpaqları ilə qidalanır. Bu da yarpaqların skeletləşməsinə səbəb olur. Sonra isə pomidorun meyvəsində dəliklər əmələ gətirərək məhsulun keyfiyyətini və əmtəəlik dərəcəsini aşağı salır.
Bu zərərvericinin inkişaf etməsi üçün optimal temperatur 20-25 dərəcədir. Əsasən subtropik iqlim şəraitinə uyğun zərərverici növü kimi tanınan Cənub sovkasının yetkin dişi fərdi həyat tsikli boyunca 1500-3000 aralığında yumurta qoya bilir. Yumurtalar bitkinin yarpaqlarına böyük həcmdə qoyulur və boz tükcük təbəqə ilə qorunur. Yumurtaların inkişafı adətən 4-8 gün çəkir. Digər sovka növləri kimi Cənub sovkası sürfələrinin inkişaf sürətinə qidalanma və temperatur amilləri təsir edir. Qida qıtlığı olduğu zaman sovkalar "sürü şəklində" bitişik tarlaları sirayətləndirə bilir. Sürfələrin inkişafı adətən 14-18 gün çəkir. Cənub sovkası puplarını torpağın üst qatına qoyur və bu mərhələ adətən 9-12 gün davam edir. Zərərvericinin normal həyat tsikli 40 günə qədərdir. Lakin ətraf mühit amillərindən asılı olaraq, bu müddət 28-30 gün çəkə bilər. Cənub sovkasının yetkin fərdləri əsasən gecələr aktiv fəaliyyətdə olur.
Qeyd edək ki, belə zərərvericilərin respublikamızın ərazisində yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq, fitosanitar monitorinqlər həyata keçirilir və müvafiq qabaqlayıcı tədbirlər görülür.
Oxşar xəbərlər
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mövsümi meyvə bağlarının fitosanitar vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə Sabirabad rayonunun Bulduq, Qasımbəyli, Yuxarı Axtaçı, Əsgərbəyli, Muradbəyli, Saatlı rayonunun Azadkənd, Beyləqan rayonunun Milabad, Mil qəsəbələri və Əhmədli kəndində yerləşən nar və üzüm bağlarında, Göyçay rayonunun Şəkər, Qızılağac, Kürdşaban, Çərəkə, Qarabaqqal, Qaraxıdır, İkinci Ərəbcəbirli, Şəhadət, Bığır və Ləkçılpaq kəndlərində, Ağdaş rayonunun Orta Ləki, Yuxarı Ləki və Xosrov kəndlərində yerləşən nar, xurma və heyva bağlarında, Kürdəmir rayonunun Mehdili, Dayıkazımlı, Karrar, Öyləqulu, Axtaçı, Axtaçı Qarabucaq, Qoçulu, Ərəbqubalı və Çölqubalı kəndlərində yerləşən nar bağlarında fitosanitar monitorinqlər keçirilib. Monitorinqlər zamanı sahibkarlara təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə məlumat verilib və maarifləndirici söhbətlər aparılıb.
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Giriş