“Diana” ailəvi istirahət mərkəzində ciddi nöqsanlar aşkarlanıb
21 Aprel 2025 17:10








Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolunda fəaliyyət göstərən, fiziki şəxs Hacıyev Ceyhun Telman oğluna məxsus “Diana” ailəvi istirahət mərkəzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu aşkarlanıb.
Belə ki, müəssisədə etiket məlumatları olmayan məhsullardan istifadə edildiyi məlum olub. Həmçinin məhsulların saxlanması zamanı temperatur rejiminə əməl olunmadığı, texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, mətbəx sahəsinin tələblərə cavab vermədiyi, bəzi işçi masaların və stellajların asan təmizlənəbilən, dezinfeksiyaedici məhlulların təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində cərimə tətbiq olunub.
Oxşar xəbərlər

Meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edilib
Qida Təhlükəsizliyi Agentliyi meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdən ixrac olunan bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanmış altlıq və qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun formada işlənməlidir. Həmçinin məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməlidir. Beynəlxalq tələblərə əsasən, Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində dövriyyədə olan bütün qablaşdırılmış qida məhsullarında bir sıra məlumatlar qeyd olunmalıdır. Məhsulun qablaşdırmasında qida ilə təmas üçün təhlükəsiz materiallardan istifadə edilməli, taralarda yapışqanlı etiketlər üçün xüsusi sahə ayrılmalı, etiketlər dayanıqlı, oxunaqlı və möhkəm yapışdırılmalıdır. Uyğun işlənmədən keçmiş hər bir taxta qablaşdırmada rəsmi ISPM 15 nişanı olmalıdır. Markalanma iki əks tərəfdə yerləşməli, silinməz, oxunaqlı və daimi olmalı, qırmızı və narıncı rənglərdə olmamalıdır. Taxta qablaşdırma materialları, paletlər fumiqasiya edilməlidir. Fumiqasiya möhürü silinməz, dəqiq, oxunabilən olmalıdır. Qabıqlı taxtadan hazırlanmış altlıq və qablaşdırma materiallarının istifadəsi qadağandır. Sahibkarlar tərəfindən idxalçı ölkənin etiketlənməyə dair tələbləri, həmçinin beynəlxalq standartın meşə materiallarından hazırlanmış altlıqlar və qablaşdırma materiallarına dair tələbləri nəzərə alınmalıdır. Əks təqdirdə idxalçı ölkənin tələblərinə riayət olunmadıqda ixrac olunan bitkiçilik məhsullarına fitosanitar sertifikatların verilməsi ilə bağlı karantin baxışı zamanı qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırmadan imtina ediləcək. Bununla da etiketlənmə və markalanma ilə bağlı tələblərə riayət olunmayan məhsulların ixracına icazə verilməyəcək.

AQTA və Çinin Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Çin Xalq Respublikasının (ÇXR) Baş Gömrük Administrasiyasının nümayəndələri arasında görüş olub. Onlayn formatda keçirilən görüşdə ölkəmizdən Çinə fındıq, badam, quş əti və quş əti məhsulları, həmçinin meyvə ixracı ilə bağlı müzakirələr aparılıb. Görüşdə Agentlik və Çinin Baş Gömrük Administrasiyası arasında məhsulların ixracı zamanı müvafiq protokolların razılaşdırılması ilə bağlı ÇXR-nin idxal tələbləri nəzərdən keçirilib. Sonda qarşılıqlı əməkdaşlıq və etimad şəraitində bundan sonra da qida məhsullarının idxalı və ixracı zamanı işlərin daha operativ və səmərəli həyata keçiriləcəyi bildirilib.

Ölkə ərazisində fitosanitar monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqləri davam etdirir. Tədbirlər çərçivəsində Agentlik əməkdaşları Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə birgə Culfa rayonu ərazisində yerləşən ümumi sahəsi 314 ha olan qarışıq meyvə bağında (üzüm, alma, badam, gilas, digər tumlu-çəyirdəkli meyvələr) fitosanitar monitorinq aparıb. Monitorinq zamanı zərərvericilərin erkən aşkarlanması məqsədilə feromon tələlər quraşdırılıb. Qeyd edək ki, bağda istehsal olunan üzüm məhsulu Rusiya Federasiyası və Birləşmiş Ərəb Əmirliklərinə ixrac olunur. Ölkə üzrə fitosanitar monitorinqlər davam etdirilir.
