Dönər hansı halda təhlükəli ola bilər? – VİDEO
21 Avqust 2025 11:19
Qida Təhlükəsizliyi Agentliyi bir daha ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
İlk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir. Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı, avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir. Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların, mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12 saat ərzində istifadə edilməlidir.
AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli, həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı andan etibarən 1 saat ərzində istehlak edilməlidir.
İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.
Daha ətraflı məlumat üçün videoçarx:
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş