Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
11 May 2018 00:00
Mayın 11-də Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının həyata keçirilməsini şərtləndirən başlıca amillərdən biri də elmi əsaslara söykənən, dinamik dövlət idarəçiliyi metodlarının tətbiqidir. Komitə sədri onu da qeyd edib ki, xüsusilə son illərdə aparılan mütərəqqi islahatlar iqtisadiyyatın, beynəlxalq ticarətin inkişafına təkan verməklə yanaşı müxtəlif dövlət qurumları arasında dinamik, səmərəli əlaqələrin qurulmasına şərait yaradıb və Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi arasında imzalanan anlaşma memorandumu da bu istiqamətdə atılan mühüm addımlardan biridir.
Səfər Mehdiyev anlaşma memorandumun iki qurum arasında qarşılıqlı fəaliyyət prinsiplərinin parametrlərini müəyyənləşdirməklə qida təhlükəsizliyi ilə bağlı məsələlərin səmərəli və operativ şəkildə həllinə şərait yaradacağını bildirib. Komitə sədri onu da qeyd edib ki, imzalanan sənəd qarşılıqlı məlumat mübadiləsinin gücləndirilməsinə, resursların birgə və səmərəli şəkildə istifadə edilməsinə zəmin yaradacaq, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət idarəçiliyi və nəzarət metodlarının gücləndirilməsinə imkan verəcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Prezident İlham Əliyev tərəfindən ölkəmizdə dərin iqtisadi islahatlar həyata keçirildiyini, qida təhlükəsizliyinin təmin edilməsinin də bu islahatların tərkib hissəsi oduğunu bildirib. İdxal və ixrac edilən qida məhsulları üzrərində nəzarətin həyata keçirilməsinin qida təhlükəsizliyi məsələlərinin bir hissəsi olduğunu qeyd edən Qoşqar Təhməzli memorandumun imzalanması ilə birlikdə bu sahədə sağlam təhlükəsizlik sisteminin qurulmasına şərait yarandığını diqqətə çatdırıb.
Qeyd edək ki, memorandumda ölkə ərazisinə idxal və ixrac olunan qida məhsulları, baytarlıq və fitosanitar yüklər haqqında məlumat mübadiləsinin təmin edilməsi, yüklər üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirlərin görülməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, risklər barədə məlumat mübadiləsinin təmin edilməsi, ölkə daxilində yaradılmış gömrük nəzarəti zonalarında yüklərə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti baxımından baxışın keçirilməsi, nümunələrin götürülməsinə və götürülmüş nümunələrin ekspertizaya cəlb edilməsinə Komitə tərəfindən şəraitin yaradılması, qida məhsullarına verilən sənədlərin onlayn rejimdə gömrük orqanları tərəfindən müşahidəsi və məlumat mübadiləsinin təmin edilməsi məqsədilə tərəflərin müvafiq elektron sistemləri arasında inteqrasiyanın təmin edilməsi və digər məsələlər öz əksini tapıb.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş