Dövlət Proqramının ilk nəticə əsaslı monitorinq və qiymətləndirilməsi aparılıb
13 İyul 2020 13:00
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb. Qeyd edək ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib. Bu indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülmüş işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılmışdır.
Eyni zamanda Agentlik üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində qida təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyi sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, elmi sübutlara əsaslanan risklərin təhlili sisteminin formalaşdırılması, dövlət-özəl sektor əməkdaşlığının inkişaf etdirilməsi, müasir texnologiyaların və innovativ həllərin tətbiqi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, sağlam qidalanmanın təşviqi və istehlakçı hüquqlarının qorunması və s. istiqamətlərdə 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb.
Ümumilikdə, 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir.
Müvafiq hesabat hazırlanarkən dünya təcrübəsi araşdırılmış və bir sıra ən yaxşı təcrübələrdən, o cümlədən Dünya Bankının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, BMT strukturlarının və digər beynəlxalq təşkilatların nəticəəsaslı monitorinq və qiymətləndirmə sahəsində əldə olunan nailiyyətlərindən geniş istifadə edilmişdir. Dövlət Proqramının icra müddətinə (2019-2025-ci illər) uyğun olaraq nəticələr sxemi tərtib olunarkən ilkin nəticə, aralıq nəticə və gözlənilən təsirlər üzrə indikatorlar təyin olunub. Ölkədə ilk genişmiqyaslı nəticəəsaslı icra və qiymətləndirmə prosesi olan bu proqramın monitorinq və qiymətləndirmə hesabatı Dünya Bankı ekspertlərinin tövsiyələri nəzərə alınaraq hazırlanıb. Müvafiq yanaşmaya əsasən monitorinq və qiymətləndirmə 2019-cu il üzrə ilkin buraxılış indikatorları üzərindən aparılıb.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
Ağsu və Qobustan rayonlarında nar istehsalçıları ilə görüşlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Dağlıq Şirvan regional bölməsi Ağsu rayonunun Cəlayir, Kəndoba, Hacıuşağı, eləcə də Qobustan rayonunun Poladlı, Təsi və Yekəxana kəndlərində nar istehsalçıları ilə görüşlər keçirib. Tədbirlərdə nar bağlarında bitki sağlamlığının qorunması məsələləri müzakirə olunub, zərərverici və xəstəliklərə qarşı effektiv mübarizə üsulları, aqrotexniki qulluq qaydaları və fitosanitar tələblər barədə ətraflı məlumat verilib. Narın həm yerli, həm də xarici bazarlara çıxışı zamanı karantin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. İstehsalçılara daxili karantin sertifikatının əhəmiyyəti, ixrac olunan məhsullarda pestisid qalıqlarının icazə verilən norması izah edilib, ixrac prosesində məhsullardan götürülən nümunələrin laborator müayinələrə cəlb edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Bildirilib ki, zərərvericilərin erkən aşkarlanması üçün mütəmadi fitosanitar müşahidələr aparılmalı, təsərrüfatlarda bitki mühafizə vasitələrindən istifadə edərkən tətbiq reqlamentinə və təhlükəsizlik qaydalarına ciddi riayət olunmalıdır. Daha sonra təsərrüfat sahiblərinin sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Nar istehsalçılarının maarifləndirilməsi məqsədilə təşkil olunan görüşlər regionun digər rayonlarında da davam etdiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş