Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
17 Fevral 2025 10:59

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Sloveniya Respublikasının Koroşka, Savinska regionlarında blutanq, İsrail Dövlətinin Şimal dairəsində dabaq, Hindistan Respublikasının Çhattisqarh ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, çütdırnaqlı heyvanların, habelə onlara aid məhsulların, diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və daxili bazarda sağlam məhsul dövriyyəsinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatı prosesi davam etdirilir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Agentlik qeydiyyata alınmış təsərrüfatlarda mütəmadi monitorinqlər və profilaktik tədbirlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimatlar verir. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Sahibkarlar da qeydiyyatın faydalarını öz təcrübələrində təsdiqləyirlər. İxrac prosesində yaşanan ləngimələr və çətinliklərin qeydiyyatdan sonra aradan qalxdığını bildirən fermerlər məhsulların sağlam və təhlükəsiz şəkildə bazara çıxarılmasının artıq daha asan olduğunu vurğulayırlar. Qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin ASAN xidmət mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər. Dövlət rüsumundan azad olan bu xidmət sahibkarlara dəstək məqsədi daşıyır və sadə, sürətli şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində qeydiyyatsız fəaliyyət göstərmək qadağandır. Bu səbəbdən fermerlərə və ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını qeydiyyata salmaqları tövsiyə olunur. Nəticə etibarilə qeydiyyat qanuni fəaliyyət, sağlam məhsul, asan ixrac, güvənli gələcək deməkdir.

Mərkəzi Baytarlıq Laboratoriyasından uğurlu nəticə
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyası və laboratoriyanın Qax, Quba, Sabirabad və Bərdə Regional bölmələri beynəlxalq səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib. Səriştəlilik sınaqları Böyük Britaniyanın VETQAS (APHA SCIENTIFIC) şirkəti tərəfindən qan serumu və süd nümunələrində Bruselyoz xəstəliyinin ELİSA müayinə metodu ilə təyini üzrə aparılıb. Sınaqlarda əldə olunan müsbət nəticələr laboratoriyaların yüksək peşəkarlıq və elmi keyfiyyətə malik olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab verən ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır.

Qida zəhərlənməsindən qorunmaq üçün əməl edilməsi vacib qaydalar
Qida zəhərlənmələrinə daha çox isti havalarda, yaz-yay aylarında təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik təhlilinə əsasən, ölkəmizdə qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün aşağıdakı tövsiyələrə əməl etmək lazımdır: - Əllər yemək hazırlamazdan öncə, balıq, ət və quş əti kimi çiy qidalarla təmasdan sonra yaxşı yuyulmalı; - Mətbəx dəzgahı təmiz saxlanmalı, xüsusilə çiy ət, quş əti, balıq, çiy yumurta və tərəvəzlə təmasdan sonra yaxşı təmizlənməli; - Çiy istehlak edilən (limon, pomidor, meyvələr və s.) və çiy istehlak edilməyən (ət, kartof və s.) qidalar üçün fərqli doğrama lövhələrindən və bıçaqlardan istifadə edilməli; - Yeməkləri, xüsusilə ət yeməklərini bişirərkən tam bişdiyindən əmin olmalı; - Çiy ət, toyuq, balıq, yumurta və digər çiy istehlak edilməyən qidaların bişmiş qidalarla təmasına yol verməməli; - Dondurulmuş qidaları donunun açılması üçün otaq tempuraturunda deyil, soyuducunun alt bölməsində saxlamalı; - İstifadə müddəti keçməsə belə, xarabolma əlamətləri olan qidaları istehlak etməməli; - Yeməkləri, salatları, xüsusilə kremli şirniyyatları 2 saatdan artıq soyuducudan kənarda saxlamamalı; - Botulizm riskini nəzərə alaraq, ev şəraitində turşu hazırlayarkən məhsulların çox yaxşı yuyulması və sterilizasiyasına xüsusi diqqət yetirməli; - Tanımadığınız göbələyi yığmamalı və istehlak etməməli; - Qidaları onların xüsusiyyətlərindən asılı olaraq düzgün rejimdə saxlamalı; - Yeməyi bişirdikdən sonra yalnız bir dəfə qızdırmalı və ya dondurmalı.