Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
5 Yanvar 2022 17:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Portuqaliya Respublikasının Leyriya dairəsində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Portuqaliya Respublikasının Leyriya dairəsindən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən və emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkənin həmin inzibati ərazi vahidindən diri quşların Azərbaycan Respublikasının ərazisindən tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Portuqaliya Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.