“Düşbərə” və “Basqal” kafelərində çöl quşlarının baytar nəzarəti olmadan saxlanıldığı aşkarlanıb
7 Oktyabr 2025 15:42
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan monitorinq çərçivəsində Lənkəran rayonunun Şiləvar kəndində fəaliyyət göstərən, Hənifəyev İlqar Əliəhəd oğluna məxsus “Düşbərə” kafesində və Cəlilabad rayonunun Qurtuluş küçəsində fəaliyyət göstərən, Əliyev Məhəmməd Həmzə oğluna məxsus “Basqal” kafesində çöl quşlarının baytar nəzarəti olmadan qapalı məkanda saxlanıldığı aşkarlanıb.
Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.
Qeyd edək ki, vəhşi heyvan və quşların ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında saxlanılması və nümayiş etdirilməsi qanunla qadağandır. Belə hallarda heyvan və quşların insanlarla təması zoonoz xəstəliklərin ötürülməsi və bioloji təhlükəsizliyin pozulması kimi risklər yaradır.
Monitorinqlər mütəmadi olaraq davam etdiriləcək və qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanarsa, Agentlik tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.
Oxşar xəbərlər
AQTA əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) struktur bölmə əməkdaşlarının iştirakı ilə “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda onlayn formatda təlim keçirilib. Təlim zamanı iştirakçılara korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlar və müasir təcrübə, həmçinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş son dəyişikliklər barədə ətraflı məlumat verilib. Eyni zamanda qanunvericiliyə əlavə olunmuş “korrupsiya riski” və “korrupsiya risklərinin idarə edilməsi” anlayışlarının hüquqi mahiyyəti və tətbiqi qaydaları izah edilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.
Qida istehsalçıları və sahibkarların nəzərinə!
İstehlakçıların sağlamlığının qorunması məqsədilə qida məhsullarının etiketində göstərilməsi zəruri olan 14 allergenlə bağlı tələblərə diqqət yetirin. 1 yanvar 2027-ci il tarixindən etibarən qayda qüvvəyə minir. Əgər məhsulunuzun tərkibində allergenlərdən hər hansı biri varsa, bu barədə məlumat etiketdə aydın şəkildə göstərilməlidir. Allergen riski yalnız istifadə olunan xammalla bağlı deyil. Eyni istehsal xəttində və ya ortaq avadanlıqlarda müxtəlif məhsulların hazırlanması da çarpaz çirklənmə riski yaradır. Bu səbəbdən: İstehsal xətlərinizdə allergen risklərini müəyyənləşdirin; Çarpaz çirklənmə ehtimalını qiymətləndirin; Etiket məlumatlarını vaxtında yeniləyin. İstehlakçıya doğru və aydın məlumat vermək qida təhlükəsizliyinin mühüm şərtlərindən biridir.
Bitkiçilik məhsullarının ixracı ilə bağlı mövsümə hazırlıq işləri davam edir
Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması, ixrac zamanı yarana biləcək risklərin qarşısının alınması və beynəlxalq tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər həyata keçirir. Bildiririk ki, bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarların məhsulların qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq tələblərə ciddi riayət etməsi vacibdir. İxrac zamanı idxalçı ölkənin tələbləri nəzərə alınmalı, məhsulun xüsusiyyətlərinə uyğun qablaşdırma növlərindən istifadə edilməlidir. Etiketlər taranın üzərində dayanıqlı, oxunaqlı və möhkəm şəkildə yerləşdirilməli, tələb olunan məlumatlar tam əks olunmalıdır. Eyni zamanda, məhsulların daşınması zamanı istifadə olunan taxta altlıqlar və digər taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyaya uyğun olaraq təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın tələblərinə uyğun işlənməlidir. Bu, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ixracı nəzərdə tutulan bitkiçilik məhsullarının ölkə daxilində bir ərazidən digər əraziyə, o cümlədən yüklərin boşaldılaraq qablaşdırıldığı və ixrac partiyalarının formalaşdırıldığı əraziyə daşınması, eləcə də digər nəqliyyat vasitələrinə yüklənməsi zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq daxili karantin sertifikatı ilə müşayiət olunması tələb edilir. Bitkiçilik məhsullarının ixracı zamanı məhsul partiyasının qiymətləndirilməsi və fitosanitar sertifikatla təmin edilməsi üçün isə qanunvericiliyin tələblərinə uyğun olaraq, məhsulun istehsalçısı və mənşəyi barədə düzgün məlumatların təqdim edilməsi vacibdir. Bu istiqamətdə Agentlik tərəfindən ixracatçı sahibkarlarla mütəmadi görüşlər keçirilir, mövsüm ərzində qarşılaşa biləcək risklər və onların həlli yolları barədə məlumat verilir. Agentlik sahibkarları ixrac zamanı qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi əməl etməyə, məhsulların düzgün və təhlükəsiz şəkildə hazırlanmasına çağırır. Tələblərə riayət edilməməsi məhsulların idxalçı ölkə tərəfindən qəbul edilməməsinə, ixrac prosesinin ləngiməsinə və əlavə xərclərin yaranmasına səbəb ola bilər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş