Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara çağırış edib
9 Sentyabr 2020 15:00
Hazırda dünyada baş verən qlobal iqlim dəyişmələri fonunda yağıntıların azalması, havaların mövsümə uyğun keçməməsi və s. səbəblər bitkilərin vegetativ inkişafına mənfi təsir etməklə yanaşı, qeyri-əlverişli təbii amillərə daha çox davamlılıq qazanmış zərərli orqanizmlərin aktivləşməsinə, onların yayılma arealının və zərərvurma müddətinin uzanmasına və beləliklə də daha çox itkiyə səbəb olur.
Bununla əlaqədar olaraq respublika ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün kənd təsərrüfatı sahələri, meşə fondu və digər yaşıllıq zonalarında bitki mühafizə tədbirləri də daxil olmaqla kompleks tədbirlərin təşkili məsələlərinin müzakirəsi, zərərli orqanizmlərin ölkədəki təbii bitki örtüyünə və mədəni əkinlərə vurduğu ziyanın və gələcəkdə bu səbəbdən yarana biləcək fitosanitar təhlükənin qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi rəhbərlərinin və ekspertlərin iştirakı ilə videoformatda görüş keçirilib.
Görüşdə son illər ölkəyə idxal olunan bir sıra əkin materiallarının (xüsusilə də dekorativ bitkilərin) yerli torpaq-iqlim şəraitinə uyğunlaşmaması, xəstəlik və zərərvericilərə qarşı həssaslığı, quraqlığa qarşı davamsız olması və s. səbəblərdən salınmış yaşıllıqların quruması hallarının qeydə alındığı və vaxtında qabaqlayıcı tədbirlər görülməzsə, zərərli orqanizmlərin sürətlə artması və yayılması nəticəsində bitki örtüyünə, əsasən də meşələrə çox ciddi zərər dəyə biləcəyi vurğulanıb. Həmçinin bitkilərin zərərli orqanizmlərdən mühafizəsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinin zəruriliyi, idxal olunan bitkiçilik, xüsusən əkin materiallarında zərərsizləşdirmə tədbirlərinin gücləndirilməsi, sahələrdə bitki mübarizə tədbirlərinin görülməsi məqsədilə birgə fəaliyyətin təşkili və monitorinqlərin keçirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, sahibkarlar tərəfindən Azərbaycana gətirilən əkin materialları reyestrdə qeydiyyatda olmalı, rayonlaşdırıldığı ərazilərdə mütəxəssis nəzarəti altında əkilməli və düzgün aqrotexniki qulluq işləri təmin edilməlidir.
Sonda ETSN, KTN, AQTA və AMEA-nın mütəxəssislərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. Eyni zamanda bitkiçilik məhsullarının idxalı, ixracı, daşınması, yetişdirilməsi və saxlanması ilə məşğul olan bütün sahibkarlıq subyektlərinə müraciət olunaraq, onlar zərərvericilərlə mübarizə tədbirlərini daha effektiv üsullarla həyata keçirməyə çağırılıb və bu işdə onlara mütəmadi olaraq peşəkar mütəxəssislər tərəfindən zəruri metodiki köməkliyin göstəriləcəyi bildirilib.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş