ELAN
8 Sentyabr 2020 13:37
AZƏRBAYCAN RESPUBLİKASININ QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ AÇIQ TENDER ELAN EDİR
SƏYYAR FİTOSANİTAR LABORATORİYASI ÜÇÜN CİHAZ VƏ AVADANLIQLARIN
SATIN ALINMASI
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı:
- 400 (dörd yüz) AZN
- Tenderdə iştirak haqqı elektron portalda “ASAN ÖDƏNİŞ” vasitəsilə həyata keçirilir. İştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
VÖEN - 1404055601
H/H - AZ58CTRE00000000000008408201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN - 1401555071
Kod -210005
M/H - AZ41NABZ01360100000000003944
S.W.I.F.T- CTREAZ22
Büdcə təsnifatının kodu – 142330
Büdcə səviyyəsinin kodu – 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak haqqının ödənilməsi barədə sənəd;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (konkret müddət göstərilməklə);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna aid məlumat (əsas şərtlər toplusunun “malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat forması”na uyğun olaraq).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 29 sentyabr 2020-ci il, saat 15.00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 07 oktyabr 2020-ci il, saat 15.00 tarixinə qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 08 oktyabr 2020-ci il, saat 15.00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Tender komissiyası
Oxşar xəbərlər

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığının respublikada yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə İşçı qrupunun görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nüməyəndələri iştirak ediblər. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Qarşıda duran cari problemlər və icrası vacib məsələlər müzakirə olunub. Qeyd edək ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar Xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, zərərvericiyə qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)

“Bitki sağlamlığı haqqında” Qanun layihəsi meyvə-tərəvəz istehsalçıları və ixracatçıları ilə müzakirə olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində müasir dövrdə kənd təsərrüfatı bitkilərində yaranan rezistentliyin aradan qaldırılması, torpaqda və bitkidə pestisid və aqrokimyəvi maddələrin qalıq miqdarının minimuma endirilməsi məqsədilə inteqrir mübarizə və digər alternativ daha təhlükəsiz mübarizə üsullarının ön planda olduğu xüsusi vurğulanıb. Ölkədə istehsal edilən bitkiçilik məhsullarının rəqabətqabiliyyətliliyinin artırılması, ixrac bazarının genişləndirilməsi istiqamətində ilkin istehsalla məşğul olan bitkiçilik məhsullarının növlərinə görə ərazisi müvafiq orqan (qurum) tərəfindən müəyyən edilən həddən çox olan bitkiçilik obyektlərinin bitki sağlamlığına daxili nəzarət sisteminə, o cümlədən bitkiçilik subyektlərində onları bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz edən və ya bitki və bitkiçilik məhsulları, əkin və səpin materialları və digər karantin nəzarətində olan materiallarla təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olması Qanun layihəsində qoyulan başlıca tələblərdəndir. “Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Bəşir Quliyev Qanun layihəsinin hazırlanmasını yüksək qiymətləndirərək, müvafiq sahədə mövcud olan problemlərin aradan qaldırılmasında, praktikaya yönəlik hüquqi bazanın formalaşmasında xüsusi əhəmiyyət kəsb edəcəyini bildirib. Layihədə yer alan və beynəlxalq qanunvericiliyə və təcrübəyə əsaslanan yeni yanaşmaların (vahid Bitki Sağlamlığı Reyestrinin yaradılması, monitorinq, izləmə sisteminin formalaşdırılması, zərərli orqanizmlərdən azad istehsal yeri və ya sahələrinin yaradılması, elmi-tədqiqata və risklərin idarəedilməsinə əsaslanan yeni mexanizmlərin yaradılması, inteqrir, bioloji, biotexniki mübarizəyə təşviq və s.) bitkiçilik məhsullarının ilkin istehsalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlar tərəfindən xüsusilə müsbət qarşılandığı qeyd olunub. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, müzakirələr aparılıb.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib. AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir. Layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur. Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib. Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması istiqamətində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.