Elmi-tədqiqat institutları ilə birgə səmərəli fəaliyyətin genişləndirilməsinə dair görüş keçirilib
3 Fevral 2022 16:37
Elmi-tədqiqat institutları ilə birgə əməkdaşlığın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) videokonfrans formatında görüş keçirilib.
Tədbirdə ölkə ərazisində aşkarlanmış zərərli orqanizmlərin növ mənsubiyyətinin təsdiq edilməsi, bitki sağlamlığı sahəsində elmi-tədqiqat işlərinin koordinasiyası, həmçinin pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatına alınması prosesinin təkmilləşdirilməsi müzakirə olunub. Görüşdə bitki sağlamlığı sahəsində elmi-tədqiqat və təcrübi sınaqlar aparan 8 elmi-tədqiqat institutunun nümayəndələri iştirak ediblər. Agentliyin Aparat rəhbəri Elxan Mikayılov pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatına alınması ilə əlaqədar elmi-tədqiqat institutlarında aparılan sınaqların əhəmiyyətini diqqətə çəkib. Bildirib ki, tarla sınaq nəticələri ilə bağlı gələn hesabatlarla bağlı nəzarətin gücləndirilməsi zərurəti var. Bəzən hesabatlar qanunvericiliyin tələblərinə uyğun tərtib olunmur və hesabat nəticələri formal xarakter daşıyır.
Daha sonra elmi-tədqiqat institutları tərəfindən tarla sınaqlarının həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli istiqamətində verilən təkliflər dinlənilib. Əsas məsələ kimi bitkiçilik məhsullarında pestisid qalığının mütləq şəkildə müəyyənləşdirilməsi və bu istiqamətdə həyata keçirilməsi zəruri tədbirlər haqqında müxtəlif institutları təmsil edən tədqiqatçılar fikir bildiriblər.
İclasda ölkə ərazisində hər hansı tənzimlənən zərərli orqanizm ilk dəfə aşkarlanan zaman onun bildirilməsi və dəqiqləşdirilməsi ilə əlaqədar beynəlxalq təcrübələrə istinad olunması barədə iştirakçılara məlumat verilib. Tədqiqatçılar tərəfindən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısında zərərli orqanizmin ölkə ərazisində statusundan asılı olaraq mütəmadi dəyişikliklərin aparılması ilə bağlı təkliflər verilib. Zərərli orqanizmlərin risk təhlillərinin aparılması, onların yayılma areallarının dəqiqləşdirilməsi, zərərli orqanizmlərin ortaq məlumat bazasının yaradılması, torpaq analizlərinin aparılması istiqamətində elmi-tədqiqat institutları ilə əməkdaşlığın vacibliyi vurğulanıb.
Sonda tarla sınaqları zamanı istifadə edilən preparatların məhsul üzərində qalıq miqdarının təyin edilməsi mexanizminin işlənib hazırlanması, preparatların tətbiq edilməsi nəzərdə tutulan bitki və zərərli orqanizmin ETİ-nin təcrübə sahəsində mövcudluğunun təmin edilməsi məsələsinin araşdırılması, həmçinin bitki sağlamlığı sahəsində elmi-tədqiqat işlərinin koordinasiyası və ölkə ərazisində aşkarlanmış zərərli orqanizmlərin növ mənsubiyyətinin təsdiq edilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunda elmi-tədqiqat institutlarının əməkdaşları ilə görüşün keçirilməsi, Agentlik və elmi-tədqiqat institutlarının əməkdaşları ilə müvafiq məsələlər üzrə görüşlərin təşkili, bitki sağlamlığı sahəsində çalışan alim və mütəxəssislərdən ibarət “Ekspertlər klubu” yaradılması məsələsinə baxılması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş