"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça çap olunub
6 Aprel 2023 09:54
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan "Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" adlı kitabça çap edilib.
Kitabça Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən maliyyələşdirilən FAO-Türkiyə Tərəfdaşlığı Proqramı (FTPP II) üzrə həyata keçirilən “Mərkəzi Asiya, Azərbaycan və Türkiyədə ərzaq itkisi və tullantılarının azaldılması” layihəsi çərçivəsində nəşr olunub.
"Ərzaq israf etmədən yaşamaq üçün bələdçiniz" insanları ərzaq tullantılarının mənfi təsirləri haqqında maarifləndirmək, onları ərzağı israf etməkdən çəkindirmək, istehlakçıları görəcəkləri fərdi tədbirlərlə ərzaq tullantıları ilə bağlı qlobal problemə töhfə verəcəyinə inandırmaq və israfçılığın azalmasına nail olmaq məqsədilə hazırlanıb.
Kitabçada dünya üzrə israf edilən ərzağın miqdarı, ərzaq tullantılarını azaltmaq üçün hər bir fərdin əməl etməli olduğu tədbirlər, eləcə də mağazada qənaət edərək alış-veriş üsulları, evdə ərzaqla bağlı yerinə yetirilməsi vacib sayılan məsələlər və ərzaqların düzgün saxlanması barədə məlumat verilib. Həmçinin 1 həftə ərzində israf edilən ərzağın miqdarını və bunun səbəblərini qiymətləndirmək üçün qida tullantıları barədə yazılı qeydlər aparmaq üçün gündəlik yer alıb.
Qeyd edək ki, araşdırmalara əsasən, 1 insan il ərzində orta hesabla 74 kq qida israf edir. Hər il dünyada istehsal olunan bütün ərzaqların ən azı 17 faizi israf edilir ki, bu da 931 milyon ton ərzaq deməkdir. Qeyd olunan göstərici böyük görünsə də, hər bir insan fərdi tədbirlər görməklə və özündə yeni vərdişlər formalaşdırmaqla, ərzaq tullantılarının miqdarını azalda və ərzaq təhlükəsizliyinin qorunmasına töhfə verə bilər.
Oxşar xəbərlər

Cəlilabadda çörək istehsalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi müəyyən olunub
Cəlilabad şəhəri, Cavadxan küçəsi, Cəlilabad bazarı ərazisində fəaliyyət göstərən, fiziki şəxs Qasımova Təranə Sucəddin qızına məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, döşəmə, divar və qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Ağdaşda ictimai iaşə obyektinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağdaş şəhəri, M.İsayev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Mirzalıyev Namiq Həmdiyə oğluna məxsus ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı ictimai iaşə obyektində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, döşəmə, divar, tavanın təmirsiz olduğu və çirkləndiyi, qida məhsulları və qablar üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi və antisanitar şəraitdə yuyulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən olunub. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb edilib.

Xaçmazda marketdə yararlılıq müddəti bitmiş qida məhsulları aşkarlanıb
Xaçmaz rayonu, Qaraqurtlu kəndində fəaliyyət göstərən, Məmmədov Hafiz Yusif oğluna məxsus “Nurxan” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketin anbar sahəsində qida məhsullarının yerdən, divardan ara məsafəsi gözlənilmədən saxlandığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, məhsulların saxlanma qaydalarına riayət olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi müəyyən edilib. Eyni zamanda yararlılıq müddəti bitmiş qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb. Fakta bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan çıxarılıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb.