Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq

Helikopter vasitəsilə meşə massivləri, dağətəyi və düzənlik ərazilərdə aldadıcı yemlərlə vəhşi ətyeyən heyvanlar arasında növbəti peyvəndlənmə tədbiri həyata keçiriləcək. Tədbir zamanı Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında müvafiq təlimata uyğun olaraq, tərkibində quduzluq əleyhinə vaksin olan aldadıcı yemlərin paylanması nəzərdə tutulur. Tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Zoologiya İnstitutunun mütəxəssisləri iştirak edəcəklər. Bu aldadıcı yem tamamilə təhlükəsizdir. Əgər hər hansı bir ev və ya vəhşi heyvan bir neçə yem payını yesə, həmin heyvanlar üçün təhlükə yaratmır. Ərazilərə atılmış, içərisində vaksin olan yemi qəbul etdikdən sonra vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaranır. Bu cür tədbirlər xüsusi təhlükəli xəstəlik sayılan quduzluğa qarşı epizootoloji sabitliyin qorunub saxlanılmasını təmin edir. AQTA tərəfindən vəhşi heyvanlarda quduzluq xəstəliyinə və peyvəndləməyə dair maarifləndirici poster və bukletlər də hazırlanıb. Həmin materiallarda quduzluq xəstəliyi, xəstəliyə məruzqalma, xəstəliyin əlamətləri, yayılması, peyvəndləmə və peyvəndləmənin faydaları barədə məlumatlar əhalinin diqqətinə çatdırılır. Bildirilir ki, vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsi heyvan sağlamlığının təmin olunmasına və insanların təhlükəsizliyinə xidmət edir. Qeyd edək ki, ötən illərdə həyata keçirilmiş peyvəndlənmə tədbirləri xəstəliyə yoluxma dinamikasının azalmasına səbəb olub və regionda tətbiq edilən mütərəqqi təcrübə kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı
Bitkiçilik məhsullarının sertifikatlaşması daha da asanlaşdı

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiyası işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib.  “E-Fito” - elektron fitosanitar sertifikat mübadiləsidir. Bu innovativ həll Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası (IPPC) tərəfindən hazırlanmış elektron platformadır. Bu sistem fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir. Hazırda dünyada 110-dan artıq ölkə bu sistemə qoşulub. Ölkəmizə bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar.  Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır. * Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır. * Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir. * Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır. * Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır. Bu sistem, inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir. Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.

AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib
AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istehlakçı hüquqlarının qorunması və əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ölkəyə idxal edilən qida məhsulları yoxlama nəzarət tədbirlərinə cəlb edilərək risk qiymətləndirilməsi əsasında müvafiq müayinələr həyata keçirilir. Aparılan son nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubov tərəfindən İran İslam Respublikasından idxal edilən “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (07.11.2024-cü il istehsal tarixli, 06.11.2025-ci il son istifadə tarixli, 312 partiya nömrəli) ümumi çəkisi 7312.32 kq “Nadi Sapaka” əmtəə nişanlı kreker, “Ramamehr Arya Co” şirkətinin istehsalı olan (12.10.2024-cü il istehsal tarixli, 17.07.2025-ci il son istifadə tarixli, “A” partiya nömrəli) ümumi çəkisi 886,76 kq “Lucy Snack” əmtəə nişanlı qarğıdalı çubuqları, “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinin istehsalı olan (26.09.2024-cü il istehsal tarixli, 25.09.2025-ci il son istifadə tarixli, 270 partiya nömrəli) ümumi çəkisi 824,64 kq “Nadi” əmtəə nişanlı kreker, “Amadeh Laziz” şirkətinin istehsalı olan (06.07.2024-cü il istehsal tarixli, 05.07.2025-ci il son istifadə tarixli, 0142 partiya nömrəli) ümumi çəkisi 10400 kq “Elit” əmtəə nişanlı hazır şorba (makaron şorbası) məhsulu partiyalarından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Bundan əlavə, İrandan fiziki şəxs Fərhad Dünyamalıyev tərəfindən idxal edilən “Tak Parsan Qida Sənaye” şirkətinin istehsalı olan (23.11.2024-cü il istehsal tarixli, 23.11.2025-ci il son istifadə tarixli, İAGL 0903 partiya nömrəli) ümumi çəkisi 5126,40 kq “Croissant Mr Cake” əmtəə nişanlı unlu qənnadı məhsulu (kruassan) partiyasından nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında sınaqlara cəlb edilib. Sınaq nəticələrinə əsasən, həmin məhsullarda da GMO aşkarlanıb. Aşkarlanan bütün faktlarla bağlı qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülüb. Bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri gücləndirilib. Qeyd edək ki, AQTA ölkəyə gətirilməsi, istehsalı, dövriyyəsi qanunla qadağan olunan GMO-lu məhsullarla bağlı yoxlama-nəzarət tədbirlərini daha da genişləndirib. Bu sahədə hazırda davam etdirilən yoxlama-nəzarət tədbirlərinin nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcəkdir.

Video
Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV