Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
5 Oktyabr 2026 12:44
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir.
Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq.
Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək.
Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək.
Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur.
Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır.
Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 30-u saat 10:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində İmişli, Füzuli, Beyləqan, Xocavənd, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq oktyabrın 29-dək qəbula yazıla bilərlər. Qəbul zamanı Agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub. Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub. Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları ADA Universiteti və Bolonya Universitetinin birgə təşkil etdiyi “Next-Gen Microbial Fermentation: Advancing Sustainable Agriculture and Healthy Food” (“Yeni nəsil mikrobial fermentasiya: Dayanıqlı kənd təsərrüfatı və sağlam qidanın inkişafı”) adlı beynəlxalq sertifikat proqramında iştirak ediblər. Bakıda nəzəri, daha sonra onlayn və İtaliyada praktiki mərhələlər olmaqla üç moduldan ibarət proqramda AQTA-nın Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdir müavini, Bitki mühafizəsi vasitələri və aqrokimyəvi maddələrin tənzimlənməsi sektorunun müdiri Cavidan Quliyev, Bitki sağlamlığı üzrə risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun müdiri Vəfa Rüstəmova və Lənkəran-Astara regional bölməsinin rəisi İrfan İsgəndərov iştirak ediblər. Proqram çərçivəsində iştirakçılar Bolonya Universitetinin laboratoriya və istixanalarında kənd təsərrüfatı mikrobiologiyası üzrə tədqiqatlarla tanış olub, üzvi və üzvi-mineral gübrələrin istehsalı proseslərini izləyiblər. Proqram çərçivəsində müvafiq qurum və müəssisələrin nümayəndələri ilə gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Təlim bitki sağlamlığı sahəsində müasir bioloji yanaşmaların və beynəlxalq təcrübənin öyrənilməsi, əldə olunan biliklərin AQTA-nın müvafiq tənzimləmə və nəzarət fəaliyyətlərində tətbiqi baxımından əhəmiyyətli olub. Proqramı uğurla başa vuran iştirakçılara hər iki universitetin sertifikatları təqdim edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş