Fındıqda aflatoksin təhlükəsi
29 Oktyabr 2021 10:06
Qida məhsullarının tərkibində yaranan toksiki elementlər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Aflatoksin də qidanın təhlükəsizliyinə və dəyərliliyinə mənfi təsir göstərən zəhərli maddələrdən biridir. Bu toksinin miqdarının normadan yüksək olması insan sağlamlığı üçün xüsusi təhlükə hesab edilir.
Qeyd edək ki, qida məhsullarında, yemlərdə və müxtəlif quru meyvələrdə temperaturun və rütubətin artması ilə əlaqədar olaraq kif göbələkləri yaranır. Kiflənməni törədən göbələklər “aflatoksin” deyilən zəhərli maddə ifraz edir.
Fındıqda aflatoksin məhsulun düzgün şəkildə qurudulmaması, uzun müddət torpağın üzərində qalması, qurudulduqdan sonra torpaq, yarpaq, ot kimi yad cisimlərdən təmizlənməməsi, kisələrə qaydalara uyğun yığılmaması və saxlanılmaması nəticəsində yaranır.
Keyfiyyətli məhsul əldə etmək üçün ilk növbədə fındıq bağları əlverişli sahədə salınmalıdır. Fındığın növü və çeşidinə uyğun olaraq becərilməsi, vaxtında yığımı və qurudulması həyata keçirilməlidir. Həmçinin məhsulun saxlanma qaydalarına xüsusi diqqət yetirilməlidir. Məhsul sərin, quru və təmiz şəraitdə saxlanmalı, birbaşa günəş işığından qorunmalıdır. Belə ki, fındığın saxlandığı anbarın döşəməsi su axınlarına qarşı yerdən yüksək olmalı, tavanı və dam örtüyü su sızıntılarının qarşısını almalıdır. Anbarın içərisi rütubətli olmamalıdır. Həmçinin temperatur dəyişikliklərinə qarşı termoizolyasiyalı olmalıdır. Kanalizasiya boruları keçən yerlər anbar kimi istifadə edilə bilməz. Fındığın saxlandığı anbarda havanın nisbi rütubəti 70 faizdən çox olmamalı, uzunmüddətli saxlama zamanı temperatur həddi 0-10°C arasında dəyişməlidir. Qapı-pəncərələri çirklənmə və zərərli orqanizmlərin qarşısını alacaq şəkildə quraşdırılmalıdır.
Mütəxəssislər fındığı növ və yığım illərinə uyğun olaraq ayırıb, kətan və ya brezent kisələrdə saxlamağı tövsiyə edirlər. Saxlama zamanı kisələri bir-birinin üstünə qalaq şəklində yığmaq olmaz. Kisələr anbarın divarından 10 sm aralı yerləşdirilməlidir. Həmçinin kisələr arasında boşluq saxlanmalıdır. Havasızlıq nəticəsində kif göbələkləri müşahidə oluna bilər. Kiflənmənin baş verməməsi üçün məhsulun nəmliyinə, anbarın temperaturuna mütəmadi nəzarət edilməlidir. Uzun müddət saxlanılacaq məhsulda ayda azı 1 dəfə nəmliyin, ümumi kif göbələklərinin və aflatoksinin təhlilləri aparılmalıdır.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş