Fitosanitar tədbirlər çərçivəsində Zaqatala sakinləri zərərvericilərə qarşı mübarizə barədə məlumatlandırılıb
24 Oktyabr 2022 14:05




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirici tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində növbəti görüşlər Zaqatala rayonunda təşkil olunub. AQTA, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyası və Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının birgə təşkilatçılığı əsasında keçirilən görüşlər qəhvəyi mərmər taxtabiti ilə mübarizə tədbirlərinə həsr olunub. Mövzu ilə bağlı həm mütəxəssislər səviyyəsində, həm də Zaqatalanın qəsəbə və kəndlərində yaşayan sakinlərlə söhbət aparılıb.
Sakinlərlə görüş zamanı iştirakçılar qəhvəyi mərmər taxtabiti və onunla mübarizə tədbirləri haqqında məlumatlandırılıb. Qışlamaya getdiyi dövrdə zərərverici ilə mexaniki mübarizə aparılmasının zəruriliyi bildirilib. Həmçinin yerli sakinlərə qəhvəyi mərmər taxtabiti ilə biotexniki mübarizə aparılması üçün feromon tələlər verilib.
Görüşdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər

AQTA ilə Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnologiya, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlığa dair Müştərək Komissiyanın 8-ci iclası keçirilib.

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qəhvəyi mərmər bağacığının respublika ərazisində yayılmasının qarşısının alınması, yayılma arealının müəyyən edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və daxili bazarda sağlam məhsul dövriyyəsinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatı prosesi davam etdirilir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Agentlik qeydiyyata alınmış təsərrüfatlarda mütəmadi monitorinqlər və profilaktik tədbirlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimatlar verir. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Sahibkarlar da qeydiyyatın faydalarını öz təcrübələrində təsdiqləyirlər. İxrac prosesində yaşanan ləngimələr və çətinliklərin qeydiyyatdan sonra aradan qalxdığını bildirən fermerlər məhsulların sağlam və təhlükəsiz şəkildə bazara çıxarılmasının artıq daha asan olduğunu vurğulayırlar. Qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin ASAN xidmət mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər. Dövlət rüsumundan azad olan bu xidmət sahibkarlara dəstək məqsədi daşıyır və sadə, sürətli şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində qeydiyyatsız fəaliyyət göstərmək qadağandır. Bu səbəbdən fermerlərə və ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını qeydiyyata salmaqları tövsiyə olunur. Nəticə etibarilə qeydiyyat qanuni fəaliyyət, sağlam məhsul, asan ixrac, güvənli gələcək deməkdir.
