Gədəbəydə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
19 Aprel 2021 18:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gədəbəy şəhəri, M. Ə. Rasulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs İmamverdiyev Fizuli İmran oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin texniki normativ hüquqi aktların tələblərinə əməl olunmadan fəaliyyət göstərdiyi aşkar olunub. Belə ki, istehsal zamanı texnoloji ardıcıllığın gözlənilmədiyi, avadanlıqların vaxtlı-vaxtında təmizlənərək dezinfeksiya edilmədiyi, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi və müvafiq geyimlə təmin olunmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların təmin edilməsi üçün icrası məcburi göstərişlər verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

İki istehsalçıya məxsus yağda uyğunsuzluqlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. Həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

"Mona Liza" şadlıq sarayında ciddi nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən “Avşarlar" MMC-yə məxsus “Mona Liza" şadlıq sarayında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra ciddi nöqsanlar müəyyən edilib. Belə ki, şadlıq sarayının mətbəxinə və toy şənliyinin keçirildiyi zala baxış keçirilən zaman müxtəlif həcmdə aşkar saxtalaşdırma əlamətləri olan, küstar üsulla doldurulmuş, keyfiyyət və təhlükəsizliyinə dair sənədləri olmayan “Oneqin” əmtəə nişanlı alkoqollu içkilər aşkarlanıb. Agentlik tərəfindən həmin içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb və məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə laborator müayinələrə cəlb olunub. Həmçinin yoxlama zamanı şadlıq sarayında yararlılıq müddəti bitmiş kolbasa məhsulu, üzərində etiket məlumatları və müvafiq sənədləri olmayan turşu və pendir məhsulları da aşkar edilib. Eyni zamanda qida obyektində sanitar-texniki və sanitar-gigiyenik tələblərin gözlənilmədiyi, ət, tərəvəz və alkoqollu içkilərin saxlandığı soyuducunun divar hissələrinin və rəflərinin, həmçinin ət asılan qarmaqların korroziyaya uğradığı, ətin emalı, xammalın qəbulu və anbar sahələrində kanalizasiya və su borularının izolyasiya edilmədiyi, alkoqolsuz içkilərin birbaşa boruların altında saxlandığı, havalandırma sisteminin qurulmadığı, isti yeməklərin hazırlandığı və quru məhsul anbarı sahələrində tavanın tamlığının pozulduğu, doğrama lövhələrinin təmizlənmədiyi, işçi heyətin soyunub-geyinmə otağı ilə təmin edilmədiyi və gigiyenik təlimlərə cəlb olunmadığı məlum olub. Fakt bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Salyanda marketdə saxta spirtli içkilər aşkarlanıb
Salyan şəhəri, Y.Qasımov küçəsi 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağalarov Nizami Mirhəbib oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı 4 ədəd 1 litrlik “Organic Free” əmtəə nişanlı, 11 ədəd 0.5 litrlik və 1 ədəd 0.7 litrlik “Belaya” əmtəə nişanlı saxta spirtli içkinin satışa çıxarıldığı məlum olub. Eyni zamanda marketin qida məhsulları saxlanılan anbarında sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək iaşə müəssisəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq olunub, fiziki şəxs barəsində inzibati protokol tərtib olunub. Araşdırmalar davam etdirilir.