Gəncədə fəaliyyət göstərən aptekdə nöqsanlar aşkarlanıb
1 Oktyabr 2024 11:50
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 28, m.15 ünvanında fəaliyyət göstərən, “Zakiroğlu” MMC-yə məxsus “Heel” aptekdə yoxlama keçirib.
Baxış zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, aptekdə idxal sağlamlıq aktı olmayan və etiketlənməsində Azərbaycan dilində məlumatlar qeyd edilməyən “Şahmerdan” və “Wonderful Honey” əmtəə nişanlı bitki tərkibli məcunların satışının həyata keçirildiyi, həmçinin mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsan aşkarlanmış məhsulların satışının dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul olunub və uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Şamaxı heyvan bazarında rekonstruksiya işləri davam edir - VİDEO
Ölkə üzrə heyvan bazarlarında aparılan rekonstruksiya işləri davam edir. Belə ki, Şamaxı heyvan bazarında AQTA əməkdaşlarının təqdim etdiyi eskiz layihəsinə uyğun olaraq yenidənqurma işləri aparılır. Bazarda Agentliyin “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında 50 nömrəli Qərarına əsasən zəruri baytarlıq-sanitariya tələblərinə cavab verən bir sıra funksional sahələr yaradılıb. Aparılan rekonstruksiya işləri çərçivəsində heyvanların kliniki baxış sahəsi, dezbaryerlər, yem anbarı, xəstəliyə şübhəli heyvanların növlərinə görə qruplaşdırılaraq saxlanması üçün bölmələr (izolyatorlar) tikilərək tam təhvil verilib. Bundan əlavə, bazarın geniş ərazisini əhatə edən yollar tam şəkildə asfaltlanıb, heyvanların boşaldılması üçün nəzərdə tutulan zona isə müasir tələblərə uyğun yenilənib. Aparılan işlər həm heyvanların qəbul olunması, həm də satışı zamanı təhlükəsizlik və sanitariya tələblərinin təmin edilməsinə şərait yaradır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinq zamanı bütün sahələr üzrə qiymətləndirmə aparılıb və bazar rəhbərliyinə müvafiq tövsiyələr verilib. Şamaxı heyvan bazarında görülən işlərə dair videolink:
Sabunçuda “019” ət mağazasında baytarlıq ekspertizasından keçməmiş ət aşkarlanıb - VİDEO
Sabunçu Rayonu, Yeni Ramana qəsəbəsi, Şuşa şəhərciyi, 4 yol adlanan ünvanda fəaliyyət göstərən fiziki şəxs Cəfərov Əbülfət Qarakişi oğluna məxsus “019” adlı ət satışı obyektində qanunsuz heyvan kəsiminin həyata keçirilməsi ilə bağlı sosial şəbəkədə görüntülər yayılıb. Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi Sabunçu rayonu İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları ilə birgə sözügedən ünvanda monitorinq keçirib. Monitorinq zamanı baytarlıq ekspertizasından keçməmiş, baytarlıq müşayiətedici sənədləri olmadan heyvan mənşəli məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, qanunsuz heyvan kəsimi məqsədilə quraşdırılan dəmir konstruksiyalar ləğv edilib. Baytarlıq ekspertizasından keçirilməmiş ətlərdən müayinələrin aparılması məqsədilə nümunələr götürülüb.
Suraxanıda unlu qənnadı məmulatlarının emalı müəssisəsində normativ tələblər pozulub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, R.Göyüşov küçəsi, ev 36 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Salehov Mahir Hikmət oğluna məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, mal qonşuluğu prinsipinə və məhsulların saxlanma şəraitinə əməl olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi, hazırlanan kremlərin üzərində etiket məlumatlarının (hazırlanma tarixi, saxlama müddəti, şəraiti və s.) qeyd olunmadığı, divar, döşəmə və tavanın tamlığının pozulduğu, qida ilə təmasda olan səthlərin dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə olduğu, emal sahəsinin həşəratlarla çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Müəssisədə emal olunan şirniyyatlardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Uyğunsuzluqlarla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb.
Giriş