Gürcüstandan idxal olunan ərzaqlıq kartof məhsulu partiyalarında karantin tətbiq edilən zərərverici aşkar olunub
30 Noyabr 2021 10:08

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs "ZE-DENT" MMC tərəfindən Gürcüstan Respublikasından idxal edilən ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarına Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ditylenchus destructor Thor.” - kartofun gövdə nematodu) aşkar edilib. Agentlik tərəfindən istifadəyə yararsız ümumi çəkisi 89.6 ton ərzaqlıq kartof məhsulu partiyalarının Gürcüstan Respublikasına geri qaytarılması barədə qərar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Konserv sexinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

AQTA sədri Naftalanda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
