HACCP mövzusunda növbəti təlim keçirilib
2 Fevral 2024 11:04

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Növbəti təlim AQTİ-nin mütəxəssisləri tərəfindən "Badamdar Estates" MMC-nin əməkdaşları üçün “HACCP-Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri” mövzusunda təşkil edilib. İnstitutun peşəkar mütəxəssisləri təlimdə iştirakçılara qida obyektlərində HACCP prinsipləri üzrə müvafiq qrupun yaradılması və tərkibinin müəyyənləşdirilməsi, eyni zamanda emal olunan məhsul və sahələr üzrə təhlükə və risk analizinin həyata keçirilməsi metodları barədə məlumat verib. Eləcə də onlara təyin edilmiş kritik nəzarət nöqtələrinin hər biri üçün kritik limitlərin və aparılan bütün təhlil və fəaliyyətlərin sənədləşmə sisteminin müəyyənləşdirilməsi izah olunub. Həmçinin sahibkarlıq subyektinin əməkdaşları məhsulun identifikasiyasının və aparılmış analiz və təhlillər nəticəsində kritik nəzarət nöqtələrinin təyin olunması, eləcə də kritik nəzarət nöqtələri üçün monitorinq və düzəldici fəaliyyətlərin tətbiq edilməsi haqqında məlumatlandırılıb.
İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçıların müvafiq sahə üzrə bilik səviyyəsi qiymətləndirilib. Qiymətləndirmə zamanı müvəffəqiyyət qazananlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimdə əldə olunan biliklər sahibkarlıq subyektinin əməkdaşlarına fəaliyyət göstərdikləri və ya gələcəkdə çalışacaqları qida obyektlərində HACCP sistemini asanlıqla tətbiq etməyə imkan verəcək.
Onu da bildirək ki, AQTİ tərəfindən HACCP və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri (012) 377 00 20 (daxili: 019) nömrəli telefona zəng edə bilərlər.
Oxşar xəbərlər

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür
7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi qeyd olunur. Bu gün Birləşmiş Millətlər Təşkilatının 2018-ci ildə qəbul etdiyi qərara əsasən təsis olunub. Məqsəd qida təhlükəsizliyinə qlobal diqqəti yönəltmək, ictimaiyyəti maarifləndirmək və müxtəlif tərəflərin bu sahədə məsuliyyətini bir daha vurğulamaqdır. 2025-ci ildə bu əlamətdar gün “Qida təhlükəsizliyi: elm fəaliyyətdədir” şüarı ilə qeyd olunur. Şüar elmi biliklərin və onların praktik tətbiqinin qida təhlükəsizliyinin təminində nə qədər mühüm rol oynadığını xüsusi olaraq önə çəkir. Azərbaycan da bu qlobal çağırışa cavab olaraq qida təhlükəsizliyi sahəsində ardıcıl və sistemli tədbirlər həyata keçirir. Bu istiqamətdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) mühüm elmi-tədqiqat və laborator xidmətləri ilə seçilir. AQTİ-nin müasir texnologiyalarla təchiz edilmiş laboratoriyaları və yüksək ixtisaslı kadr potensialı elmi yanaşmanın uğurla həyata keçirilməsinə geniş imkan yaradır. İnstitut əməkdaşları yerli və beynəlxalq təlimlərdə iştirak etməklə bilik və bacarıqlarını davamlı şəkildə artırır. Bu, həm milli, həm də beynəlxalq miqyasda qida təhlükəsizliyinin təmin olunmasına töhfə verir. Elm fəaliyyətdədir – təhlükəsiz qida ilə sağlam gələcəyə!

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Bu il ilk dəfə olaraq Cəbrayılda AQTİ-nin səyyar laboratoriyası fəaliyyət göstərəcək
İyunun 6-7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək. Cəbrayıl rayonu Dəmir Yumruq küçəsi, həmçinin Şuşada quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Səyyar laboratoriyalar qida təhlükəsizliyi üzrə müxtəlif növ müayinələrin aparılması üçün tam təchiz olunub. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək. Eyni zamanda bayram günlərində AQTİ laboratoriyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.