Heyvanlarda stres yaradan amillərlə bağlı maarifləndirici çap materialı hazırlanıb
9 Aprel 2021 11:10
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) əhalinin qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində maarifləndirilməsi tədbirlərini davam etdirir. Ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində “tarladan süfrəyə” şüarı altında qida zəncirinin bütün mərhələlərində iştirak etən tərəflərin məlumatlandırılması məqsədi ilə İnstitut tərəfindən həyata keçirilən tədbirlərin miqyası genişləndirilir.
Bu məqsədlə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən heyvanlarda stres yaradan amillər mövzusunda maarifləndirici çap materialı hazırlanıb. Maarifləndirici bukletdə ekoloji tarazlığın pozulmasının heyvanlarda stresə səbəb ola biləcəyi göstərilir. Həmçinin yemlə qəbul edilən zərərli maddələrin, həddən artıq isti və ya soyuğa məruzqalmanın, daşınma zamanı uyğunsuzluğun, eyni zamanda keyfiyyətsiz yemləmənin də heyvanlarda stres yaradan faktorlar olduğu vurğulanır.
Çap materialının hazırlanmasında məqsəd ailə-kəndli təsərrüfatlarında, eləcədə heyvanlarda stres faktorların azaldılması istiqamətində maarifləndirmə tədbirləri həyata keçirməkdir. Maarifləndirici bukletdə heyvanlarda stresə səbəb olan faktorlar, həmçinin heyvanların rifahının təmin olunmasında istifadə olunan amillər nəfis tərtibatda və yüksək keyfiyyətlə çap olunub. Məlumatlar ailə-kəndli təsərrüfatlarında çalışan fermerlər arasında paylanılmaqla ölkəmizdə heyvan sağlamlığına nəzarət üzrə effektiv və müasir tələblərə cavab verən sistemin yaradılmasını hədəfləyir.
Qeyd edək ki, İnstitut tərəfindən əhalinin maarifləndirilməsi istiqamətində ardıcıl olaraq müxtəlif layihələr həyata keçirilməkdədir. Burada əsas məqsədlərdən biri də vətəndaşların qida təhlükəsizliyi sahəsində məlumatlılığını genişləndirmək, onların prosesdə aktiv iştirakını təmin etməkdir.
Oxşar xəbərlər
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Ağdamın Şıxbabalı, Muğanlı, Xaçındərbətli, Qızılı Kəngərli, Xıdırlı, Şelli, Gülablı kəndlərində, Xocavəndin Tuğ qəsəbəsi və Şexer kəndində, Xocalının Əsgəran qəsəbəsində yerləşən nar və üzüm bağlarında monitorinqlər keçirilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkar olunması və yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən monitorinqlər zamanı fitosanitar müşahidələr aparılıb, sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Bununla yanaşı, sahibkarlar meyvə bağlarında rast gəlinən təhlükəli zərərvericilər və xəstəliklər barədə məlumatlandırılıb. İxrac potensialının artırılması üçün profilaktik fitosanitar tədbirlərin görülməsi, istehsal sahələrində bitki sağlamlığının izlənilməsinin təmin edilməsi, bitki mühafizə vasitələrinin tətbiqi zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına, aqrotexniki qaydalara riayət olunması barədə müvafiq tövsiyələr verilib və maarifləndirici söhbətlər aparılıb.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş