Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nepal Federativ Demokratik Respublikasının Şərq, Qandaki, Madheş əyalətlərində, Kanadanın Manitoba, Nyu-Brunsvik, Şahzadə Eduard Adası, Nyufaundlend-Labrador əyalətlərində, Şotlandiyanın Şetland, Eilean-Siar, Pert və Kinross, Anqus, Damfris-Qalloyey, Şərqi Ayrşir, Fafe, Haylənd, Na-h-Elanan-Şiar inzibati ərazi vahidlərində, İngiltərənin Şərqi İngiltərə, Cənub-Şərqi İngiltərə, Qərbi Midland, Şimal-Qərbi İngiltərə, Şimal-Şərqi İngiltərə regionlarında, İtaliya Respublikasının Toskana regionunda, Uelsin Anqlesey, Pouis inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Kolorado, Florida, Minnesota ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin yerində və onlayn qiymətləndirilməsini davam etdirir. Proses çərçivəsində İnstitutun əməkdaşları Estoniya Respublikasının dondurulmuş balıq və balıq hissələri istehsal olunan "Geirom OÜ" və Latviya Respublikasının yem əlavələri istehsal edilən "Farma Pet Gigi" LTD müəssisələrində yerində qiymətləndirmə fəaliyyəti həyata keçirib. Qiymətləndirmə zamanı adıçəkilən müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb. Qida təhlükəsizliyi baxımından müvafiq tələblərə əməl olunduğu üçün həmin müəssisələrin fəaliyyəti məqbul hesab edilib və nəticələr baxılmaq üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) təqdim olunub. AQTA tərəfindən nəticələr təhlil edildikdən sonra həmin müəssisəsilər təsdiqlənib və “Xarici ölkələrdən Azərbaycan Respublikasına ixrac həyata keçirən qida obyektlərinin təsdiqi reyestri”nə daxil edilib. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, respublikamıza qida məhsulları idxal olunan xarici ölkələrdə fəaliyyət göstərən obyektlərin təsdiq edilməsi yerində və ya onlayn qiymətləndirilmə formatında həyata keçirilir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, təsdiq olunmamış xarici qida müəssisələrindən ölkəmizə məhsulların gətirilməsi qadağandır.
Qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı sahəsində çalışan şəxslər və vətəndaşlar onları narahat edən məsələlərlə bağlı hər həftənin IV günü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik sədri Qoşqar Təhməzlinin keçirdiyi vətəndaş qəbulunda iştirak edə bilərlər. Bu çərçivədə bu gün çörək istehsalı, dəyirman və taxıl idxalı sahəsində fəaliyyət göstərən sahibkarlar üçün AQTA-nın inzibati binasında qəbul keçirilib. Qəbul zamanı sahibkarların müraciət və təklifləri dinlənilib, sualları cavablandırılıb, aidiyyəti üzrə göstərişlər verilib. Həmçinin müvafiq sahədəki vəziyyət bir daha nəzərdən keçirilib, sahibkarlar mövcud qanunvericilik və tələblər barədə ətraflı məlumatlandırılıb. Qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin müvafiq tələblərə cavab verməsinin vacibliyi önə çəkilib. Qeyd edək ki, Q.Təhməzli bundan əvvəl süd və süd məhsulları, ət və ət məhsulları, o cümlədən balıqçılıq, eyni zamanda alkoqollu və alkoqolsuz içkilərin, unlu qənnadı məmulatlarının, yem, yem əlavələri, baytarlıq preparatları və vaksinlərin istehsalı, ixracı və idxalı, həmçinin ictimai iaşə xidmətləri, o cümlədən restoranlar, şadlıq evləri, otellərin qida blokları, kafelər, dönər emalı və satışı, keytrinq xidməti və sair sahələrdə fəaliyyət göstərən sahibkarları qəbul edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfirə məlumat verib. Daha sonra iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyi arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” layihəsinin və ölkəmizdən baytarlıq nəzarətində olan məhsulların BƏƏ-yə ixracının genişləndirilməsi məqsədilə sertifikatların razılaşdırılması proseduru ilə bağlı məsələlər nəzərdən keçirilib. Səfir Məhəmməd Əl Bluşi səmimi görüşə görə təşəkkürünü bildirib, Azərbaycandakı bundan sonrakı diplomatik fəaliyyəti dövründə də iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) strukturuna daxil olan qurumlarda çalışan bir qrup rəhbər vəzifəli şəxs üçün onlayn təlim keçirilib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən təlim “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda olub. Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı və qaydaları, o cümlədən müvafiq prosedurlar və düsturlar barədə ətraflı məlumat verilib. Eyni zamanda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb. Qeyd edək ki, təlim “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planına uyğun olaraq, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi işində peşəkarlığın artırılması məqsədilə keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida obyektlərində “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sisteminin qurulmasının təmin edilməsi ilə bağlı sahibkarlara müraciət ünvanlayıb. AQTA bildirir ki, müvafiq qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində, həmçinin qida məhsullarının istehlak olunduğu ictimai iaşə və xidmət obyektlərində HACCP-a əsaslanan prosedurları tətbiq etməli və qida təhlükəsizliyinə daxili nəzarət sisteminə malik olmalıdırlar. İri sahibkarlıq subyektləri müvafiq Qanun dərc olunduğu gündən, yəni 30 iyun 2022-ci il tarixindən 2 il, kiçik və orta sahibkarlıq subyektləri 4 il, mikro sahibkarlıq subyektləri isə 6 il müddətində HACCP sistemini məcburi qaydada tətbiq etməlidirlər. HACCP qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistemin prinsiplərinin tətbiqinin sahibkarlar üçün bir çox fayda və üstünlükləri var. Belə ki, müəssisələrdə HACCP prinsipinin tətbiqi istehsal olunan məhsulun təhlükəsizliyini təmin edir. Kritik nəzarət nöqtələrini və onların kritik limitlərini müəyyənləşdirməklə və qeydlər aparmaqla, müəssisələrin biznes prosesləri haqqında məlumatları asanlıqla əldə etməsinə şərait yaradır. Qida təhlükəsizliyinə kollektiv yanaşmanı təşviq edir. Qida məhsullarının və qida məhsulları ilə təmasda olan səthlərin müəssisələrin daxili qida zənciri boyunca təhlükə və risk analizinin aparılmasını təmin edir. Müəssisələrdə təkmilləşdirmələrin aparılması üçün imkanlar və alətlər təqdim edir. İşçilər arasında qida təhlükəsizliyi anlayışlarının və vərdişlərinin yaradılması proseslərini sürətləndirir. Həmçinin HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini təmin edir. İstehlakçıların sağlamlığına təhlükə yarada biləcək səbəbləri müəyyənləşdirməklə, istehsal və xidmət mərhələlərində bu səbəbləri aradan qaldırır və etibarlılıq yaradır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir. Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
HACCP – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri prinsipləri qida məhsullarının istehsalında risk əsaslı yanaşmanı ehtiva edir. Bu yanaşmaya əsasən müəssisə təhlükə növlərinə uyğun risk qiymətləndirməsi və nəzarət tədbirlərini özündə əks etdirir. HACCP, qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyənləşdirir. Gigiyena şərtləri dedikdə şəxsi gigiyena, avadanlıq gigiyenası, xammal gigiyenası, ətraf mühitin gigiyenası və s. nəzərdə tutulur. Proses çərçivəsində istehlakçının sağlamlığına təhlükə yarada biləcək səbəblər müəyyən olunur. Sistem istehsal və xidmət mərhələlərində riskləri aradan qaldırır və etibarlılıq yaradır. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir. Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib. Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün info@afsi.gov.az elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər. Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Bu müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 ildir. Qeyd edək ki, Qanun 30 iyun 2022-ci il tarixdə dərc olunub.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin dekabr ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 20-si saat 10:00-da Qəbələ Mədəniyyət Mərkəzində Şəki şəhəri və Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək. Vətəndaşlar Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq dekabrın 19-dək qəbula yazıla bilərlər. Eyni zamanda AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fələstin Dövlətinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransa Respublikasının Korsika regionunda, Almaniya Federativ Respublikasının Berlin şəhərində blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Ramallah və Əl-Bireh əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Korsika regionunda və Berlin şəhərində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa və Skikda əyalətlərində xəstəlik baş vermiş təsərrüfatdan 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına, İllinoys ştatında xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmləri, onların mənbələrini, sərhədlərini, yayılma səbəblərini vaxtında müəyyənləşdirmək və ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən Milli Monitorinq Planına uyğun olaraq meyvə bağlarında monitorinqlər aparılıb. Monitorinq zamanı Beyləqan rayonunda, İmişli rayonunun Murğuzallı, Qaralar, Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Qəzli, Quruzma, Yenikənd, Mürsəlli, Ulacalı, Bulduq, Ətcələr, Məmişlər, Həşimxanlı, Beşdəli kəndlərində, Saatlı rayonunun Mustafabəyli, Məzrəli, Azadkənd kəndlərində yerləşən nar, xurma və heyva bağlarında zərərli orqanizmlərlə sirayətlənmə əlamətləri olan bitkilərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində Meyvə milçəyi, Nar meyvəyeyəni, Meyvə çürüməsi, Afrika əncir milçəyi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Komstok yastıcası və Yaponiya mumlu yalançı qalxanlı yastıcası, bir təsərrüfatda isə Asiya giləmeyvə drozofilası aşkarlanıb. Agentlik əməkdaşları tərəfindən Astara rayonunun Astara şəhəri, Kijəbə qəsəbəsi, Şiyəkəran, Təngərüd, Siyakü, Velədi, Maşxan, Vaqo kəndlərində, habelə Lənkəran rayonunun Şağlaser kəndində 38 təsərrüfat subyektinə məxsus 119.3 hektar sitrus bağında aparılmış monitorinq zamanı Sitrus ağqanadlısı və Qırmızı tor gənəsi ilə yanaşı, karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus tristeza virusu və Yaponiya yalançı qalxanlı mumlu yastıcası müəyyən edilib. Bundan əlavə, Astara rayonunun Şiyəkəran kəndində yerləşən bir neçə sitrus bağında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Astara rayon Bitki Mühafizə Mərkəzinin əməkdaşları ilə birgə monitorinq təşkil edilib və Sitrus ağqanadlısına qarşı Mərkəzin əməkdaşları tərəfindən bitki mübarizə tədbirləri həyata keçirilib.
Giriş