Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri
Körpələrin ana südü ilə qidalanmasının üstünlükləri

Ana südü körpələr üçün əvəzedilməz və ideal qida hesab olunur. Bu qida sağlam böyümə və inkişaf üçün onları lazım olan enerji və qida maddələri ilə təmin edir. Ana südü 6 ayadək olan körpələrin qidalanması üçün “qızıl standart” hesab olunur. Bu qida ilk 6 ayda onların orqanizminin ehtiyac duyduğu enerji və qida maddələrinin hamısını qarşılayır. 6 aydan 12 ayadək olan müddətdə ana südü uşaqların sadalanan ehtiyaclarının yarısını, 13 aydan 24 ayadək olan müddətdə üçdə birini ödəyir. Vaxtından əvvəl doğulan körpələrdə isə bu qida demək olar ki, onların həyatının mühafizəsini təmin edir. Belə körpələr üçün ana südünün əsas üstünlüyü ondan ibarətdir ki, bu qida onlarda çəkinin daha yaxşı artmasına, infeksion və iltihabi xəstəliklərin qarşısının alınmasına kömək edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən körpələrin doğumdan bir saat sonra ana südü ilə qidalandırılması tövsiyə olunur. Bu prosesin 2 yaş və ya daha uzun müddətə davam etdirilməsi məsləhət görülür. Ana südünün tərkibində qidalı maddələrdən əlavə bu maddələri mənimsəməyə kömək edən xüsusi fermentlər də mövcuddur. Məhz bu fermentlər körpələrin orqanizmində yağ, karbohidrat və digər maddələrin həzm olunmasına kömək göstərir. Südün əsas tərkib hissəsini, 80%-dən artığını su təşkil edir. Lakin bu, adi deyil, bioloji aktiv sudur. Ana südündəki su uşaqların orqanizmi tərəfindən tam mənimsənilir. Bu su hətta isti yay günlərində onların suya olan ehtiyacını tam ödəyir. Məhz bu səbəbdən həkimlər yalnız ana südü ilə qidalandırılan körpələrə su, çay və digər mayelər verməyi tövsiyə etmirlər.  Ana südünün komponentlərindən biri də karbohidratlardır. Bu qidada karbohidratların əsas hissəsini laktoza təşkil edir. Məhz laktoza kalsiumun və dəmirin mənimsənilməsinə kömək göstərir. Laktoza körpələrin mərkəzi sinir sisteminin inkişafı üçün vacibdir. Bundan əlavə, laktoza onların bağırsağında lakto- və bifidumbakteriyaların inkişafını stimullaşdırır. Lakto- və bifidumbakteriyalar isə bağırsağa düşən zərərli mikrobların inkişafına maneə yaradır. Nəticədə uşaq bağırsaq infeksiyalarından qorunmuş olur. Bundan əlavə, ana südünün tərkibindəki xüsusi yağ turşuları körpənin, xüsusilə onun beyninin və bağırsağının inkişafı üçün olduqca vacibdir.

COP29 çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı tədbirlər keçiriləcək
COP29 çərçivəsində Vahid Sağlamlıq yanaşması ilə bağlı tədbirlər keçiriləcək

Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 19-da “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksək səviyyəli dəyirmi masa və “Vahid Sağlamlıq Konfransı” keçiriləcək. ”Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda təşkil olunacaq tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Səhiyyə Nazirliyinin (SN), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəhbər vəzifəli şəxsləri iştirak edəcək. Həmçinin dəyirmi masaya bir sıra digər aidiyyəti qurumların, o cümlədən sahə üzrə elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, eləcə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, Ətraf Mühit Proqramının və Yerli Əhalinin Problemləri üzrə Daimi Forumunun nümayəndələri qatılacaq. Tədbir çərçivəsində “Dəyişən iqlimdə davamlılığın artırılması: Daha sağlam gələcək üçün Azərbaycanın Vahid Sağlamlıq yanaşması”, “Vahid Sağlamlığın tətbiqi üzrə dörd tərəfin birgə yanaşması: Effektiv sahələrarası işbirliyi yolu ilə daha böyük təsirə nail olunması” mövzularında sessiyalar keçiriləcək. “Vahid Sağlamlıq Konfransı” çərçivəsində isə mövzuya uyğun təqdimatlar olacaq. Eyni zamanda “Azərbaycan Respublikasında “Vahid Sağlamlıq” konsepsiyası tətbiq edilməklə zoonoz xəstəliklərin qarşısının alınması və nəzarətin gücləndirilməsinə dair 2025-2030-cu illər üzrə Milli Strategiya” üzrə panel müzakirə keçiriləcək. Müzakirədə AQTA-nın, SN-in, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, TƏBİB-in, ADA Universitetinin, həmçinin bir sıra digər aidiyyəti qurumların, o cümlədən müxtəlif elmi-tədqiqat mərkəzlərinin, universitetlərin nümayəndələri iştirak edəcək.

AQTA ictimai iaşə müəssisələrində nəzarət tədbirlərini davam etdirir
AQTA ictimai iaşə müəssisələrində nəzarət tədbirlərini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması və qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirləri davam etdirir. Tədbirlər çərçivəsində AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin təhlükəsizliyi prioritet məsələ olaraq daim nəzarətdə saxlanılır. Belə ki, bu ilin 10 ayı ərzində aparılan nəzarət tədbirləri çərçivəsində illik yoxlama planı üzrə 63, vətəndaşların şikayətlərinə və media subyektlərində yayımlanmış məlumatlar əsasında 64, sonuncu yoxlama zamanı aşkarlanmış nöqsanların aradan qaldırılması ilə bağlı tədbirlərin icra vəziyyətinin yoxlanılması ilə əlaqədar 10 olmaqla, ümumilikdə, 137 dönər hazırlanan ictimai iaşə müəssisəsində yoxlama aparılıb.  Nəzarət tədbirləri zamanı dönər hazırlanan bir sıra ictimai iaşə müəssisələrinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, saxlama müddəti (yararlılıq müddəti) ötmüş və üzərində etiket məlumatları olmayan xammallardan istifadəyə yol verildiyi və digər bu kimi uyğunsuzluqlar aşkarlanıb. İnsan həyat və sağlamlığına mühüm təhlükə yaradan ciddi nöqsan aşkar edilmiş 17 müəssisənin fəaliyyəti müvafiq qərar qəbul edilərək məhdudlaşdırılıb, digər müəssisələrdə nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, İspaniya Krallığının Andalusiya, Estremadura, Kastiliya–La Mança muxtar icmalarında və Liviya Dövlətinin Əl Cifara, Tripoli dairələrində blutanq, Çex Respublikasının Yihomoravsk diyarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Andalusiya, Estremadura, Kastiliya–La Mança muxtar icmalarında, o cümlədən Əl Cifara, Tripoli dairələrində xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Yihomoravsk diyarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb

Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib