Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?
Qarpız və yemiş istehlak edərkən nələrə diqqət etməliyik?

İsti yay günlərində həm orqanizmin su balansını qorumağa kömək edən, həm də sərinləşdirici təsir göstərən qarpız və yemişə tələbat əhəmiyyətli dərəcədə artır. Vitamin və minerallarla zəngin olan bu meyvələri alarkən bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır. İlk növbədə, məhsulun xarici görünüşü qiymətləndirilməlidir. İstehlakçılar qarpız və yemiş alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verməlidirlər. Üzərində müşahidə olunan sarı ləkələr məhsulun torpaqla təmas etdiyi yerlərdir.  Qabığının hamar, səthinin parlaq olması qarpızın təzə və yetişmiş olduğuna işarə edir. Əksinə, mat və solğun görünüş köhnəliyin əlaməti hesab olunur. Saplağının yaşıl rəng olması qarpızın hələ tam yetişmədiyinin, qurumuş olması isə yetişmiş olduğunun göstəricisidir. Qarpız və yemişin üzərində çürük və çatlar olmamalıdır. Bundan başqa, qarpız və yemiş torpaqla təmasda yetişdiyindən onların səthinin müxtəlif mikroorqanizmlərlə çirklənmə ehtimalı var. Qida mənşəli risklərin qarşısını almaq üçün qarpız və yemiş kəsilməzdən əvvəl axar su altında yaxşıca yuyulmalı, təmiz və quru bıçaqla doğranmalıdır.  Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Bütöv qarpızı 10-15°C, xırda hissələrə doğranılmış qarpızı isə ağzı kip qapaqlı qablarda +5°C temperaturda saxlanılması məsləhət görülür.

AQTA-da AHK üzvləri ilə görüş keçirilib
AQTA-da AHK üzvləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Alman – Azərbaycan Ticarət Palatası (AHK) nümayəndələri, Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupunun üzvləri və sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu tərəfindən hazırlanmış “Qida emalı və istehsalı sektorunda hüquqi, institusional və rəqəmsal islahatlar üzrə Mövqe Sənədi” yer alan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, sənəddə qaldırılan bir sıra məsələlər artıq həllini tapıb. Bununla yanaşı, mövcud çətinliklərin aradan qaldırılması və əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində mümkün mexanizmlər müzakirə edilib. Görüş zamanı AQTA tərəfindən qida təhlükəsizliyi sahəsində həyata keçirilən fəaliyyətlərin və aparılan islahatların beynəlxalq standartlara, Kodeks Alimentarius prinsiplərinə, eləcə də Avropa İttifaqının müvafiq qanunvericiliyinə və qabaqcıl təcrübəsinə uyğun şəkildə həyata keçirildiyi vurğulanıb. Bu baxımdan, mövqe sənədində əks olunan bir sıra təkliflərin Agentlik tərəfindən artıq tətbiq edilən və ya icrası davam etdirilən tədbirlərlə uzlaşdığı diqqətə çatdırılıb. Sonda AQTA ilə AHK Azərbaycanın Kənd Təsərrüfatı və Qida Sənayesi İşçi Qrupu arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunub. Operativ koordinasiyanın təmin edilməsi məqsədilə hər iki tərəfdən əlaqələndirici şəxslər seçilib.

Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb - VİDEO
Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb - VİDEO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Salyan şəhərində fiziki şəxs Babayev Natiq Səmədağa oğluna məxsus fərdi yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlanıb. Yoxlama zamanı kəsimxananın birbaşa fərdi yaşayış sahəsində, qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin quş kəsimi və emalı proseslərinin sanitar-gigiyenik tələblərə uyğun təşkil edilmədiyi müəyyən olunub. Belə ki, məntəqədə quşların qəbulu, saxlanılması, eləcə də emal zamanı keyləşdirilməsi, qansızlaşdırılması, təmizlənməsi, içalatının çıxarılması, ətin qablaşdırılması və soyudulması üçün tələb olunan istehsal sahələri yaradılmayıb. Eyni zamanda kəsimə gətirilən quşların mənşəyini təsdiq edən müşayiətedici sənədlərinin olmadığı, satışa çıxarılan toyuq əti məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, havalandırma və temperatura nəzarət sistemlərinin quraşdırılmadığı, istehsal zamanı yaranan tullantıların düzgün idarə olunmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb. Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, məhsullardan nümunələr götürülərək laborator müayinələrə göndərilib. Faktla bağlı müəssisənin fəaliyyətinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib