Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi–Xırdalan şosesi 1M ünvanında fəaliyyət göstərən “Yummy Catering” MMC-yə məxsus "Cənub" ictimai iaşə obyektində yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq və mal qonşuluğu qaydasına əməl olunmadığı, temperatur göstəricilərinin qeydiyyatı və monitorinqinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, soyuq qəlyanaltıların hazırlandığı sahənin müvafiq soyuducu avadanlıqla təmin edilmədiyi və digər uyğunsuzluqlar aşkarlanıb. Nəzarət tədbiri zamanı müəssisənin eyni zamanda, keytrinq xidməti fəaliyyəti ilə məşğul olduğu da müəyyən olunub. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati protokol tərtib edilib, sahibkar inzibati məsuliyyətə cəlb olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. Lakin müəyyən edilmiş müddət ərzində uyğunsuzluqlar aradan qaldırılmadığından müəssisənin qida təhlükəsizliyi reyestrindən çıxarışı ləğv edilib və obyektin fəaliyyəti məhdudlaşdırılıb. AQTA istehlakçıların sağlamlığının qorunması məqsədilə qida zəncirinin bütün mərhələlərində nəzarət tədbirlərini davam etdirir və sahibkarları qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır.
Qida Təhlükəsizliyi Agentliyinin “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı prosesindən bəhs olunur. Materialda heyvanların fərdi qaydada identifikasiya edilməsi, məlumatlarının "Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi" İnformasiya Sisteminə daxil olunması və bu prosesin baytarlıq nəzarətində rolu əyani şəkildə nümayiş etdirilir. Buraxılışda vurğulanır ki, heyvanların identifikasiyası xəstəliklərə nəzarətin gücləndirilməsi, peyvəndləmə, həmçinin heyvan mənşəli məhsulların “fermadan süfrəyə” prinsipi üzrə izlənə bilməsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, identifikasiya sisteminin heyvanların daşınması, qeydiyyatı və mənşəyinin müəyyənləşdirilməsi proseslərində yaratdığı imkanlar barədə məlumat verilir. Daha ətraflı videoda :
2026-cı il 9-11 iyun tarixlərində Fransanın Paris şəhərində Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) Bitki Mühafizə Vasitələri üzrə İşçi Qrupunun (WP PPP) 56-cı iclası keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşı Cavidan Quliyevin də təmsil olunduğu tədbirdə 14 ölkədən ekspertlər iştirak ediblər. Tədbir zamanı bitki mühafizə vasitələrinin effektivliyinin qiymətləndirilməsi üzrə beynəlxalq standartların təkmilləşdirilməsi, zərərli orqanizmlərin pestisidlərə qarşı davamlılığının monitorinqi, rəqəmsal texnologiyaların tətbiqi, bioloji mübarizə vasitələrinin tənzimlənməsi, məlumat bazalarının inkişafı və digər aktual məsələlər müzakirə olunub. Görüşlər çərçivəsində bitki mühafizə vasitələrinin effektivliyinin qiymətləndirilməsinə dair bir sıra standartların yenilənmiş redaksiyaları təsdiq edilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bununla yanaşı, növbəti 57-ci iclasın, eləcə də “Mərkəzi Asiya ölkələrində bitki mühafizə vasitələrinin qeydiyyatı və effektivliyinin qiymətləndirilməsi” mövzusunda xüsusi sessiya və regional seminarın Bakı şəhərində təşkili məsələləri müzakirə olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları mövsümlə əlaqədar Lənkəran-Astara iqtisadi rayonunda çiyələk və kartof istehsalı və dövriyyəsi ilə məşğul olan təsərrüfatlarda fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə görüşlər keçiriblər. Görüşlər zamanı bitki xəstəlikləri və zərərvericilərinə qarşı həyata keçirilən mübarizə tədbirləri, istehsal prosesində rast gəlinən çətinliklər, eləcə də məhsulların təhlükəsizliyi və keyfiyyətinin təmin olunması istiqamətində görülən işlər müzakirə edilib. Qida təhlükəsizliyi və fitosanitar tələblərə əməl olunması diqqətə çatdırılıb. Milli Monitorinq Planına uyğun olaraq, Agentliyin Lənkəran-Astara regional bölməsi tərəfindən regionun inzibati ərazilərində yerləşən 86 kartof və 58 çiyələk təsərrüfatında monitorinqlər aparılıb. Ümumilikdə, 1157 hektar əkin sahəsinə baxış keçirilib, bitkilərin fitosanitar vəziyyəti qiymətləndirilib. Aparılan yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün təsərrüfat sahiblərinə müvafiq tövsiyə və tapşırıqlar verilib. Eyni zamanda, profilaktik fitosanitar tədbirlərin həyata keçirilməsi, pestisidlərdən təhlükəsiz və düzgün istifadə, həmçinin sənədləşdirmə qaydalarına əməl olunması ilə bağlı maarifləndirici söhbətlər aparılıb. AQTA tərəfindən regionlarda fitosanitar nəzarət tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondunun (IFAD) Yaxın Şərq üzrə xüsusi elçisi Dina Salehin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə qida təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və dayanıqlı kənd təsərrüfatı sistemlərinin gücləndirilməsi istiqamətlərində əməkdaşlıq məsələləri, eləcə də Azərbaycan ilə IFAD arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın nəticələri və gələcək tərəfdaşlıq imkanları müzakirə olunub. Müzakirələr çərçivəsində heyvanların identifikasiyası və qeydiyyatı sisteminin təkmilləşdirilməsi, heyvan və bitki xəstəliklərinin erkən aşkarlanması və monitorinqi, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsi, eləcə də heyvan xəstəliklərindən və karantin zərərvericilərindən azad zonaların yaradılması istiqamətində IFAD-ın təcrübəsinin öyrənilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı IFAD nümayəndələri Fondun yeni strateji prioritetləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək, Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Sonda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi, texniki dəstəyin və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idmançılar və gənclər arasında sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, həmçinin idman qidaları və bioloji aktiv qida məhsullarından düzgün istifadənin təşviqi məqsədilə həyata keçirdiyi “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasını davam etdirir. Layihənin növbəti qonağı yunan-Roma güləşi üzrə U23 Avropa çempionu Elmin Əliyevdir. Gənc idmançı idmanla məşğul olan insanlara çağırış edərək bildirib ki, idman qidaları və bioloji aktiv qida məhsullarının düzgün seçilməməsi və mütəxəssis məsləhəti olmadan istifadə edilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər. Onun sözlərinə görə, xüsusilə dövlət qeydiyyatından və nəzarətdən keçməyən idman qidalarının istifadəsi təhlükəli ola bilər. Peşəkar güləşçi hər hansı idman qidasından istifadə etməzdən öncə məhsul haqqında ətraflı məlumat əldə etməyin vacibliyini diqqətə çatdırıb. Ətraflı:
2026-cı il 20-30 aprel tarixlərində Epizootiya Əleyhinə Tədbirlər Planına uyğun olaraq respublika ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında təkdırnaqlı heyvanların xüsusi təhlükəli xəstəlikləri üzrə epizootoloji monitorinqlər həyata keçirilib. Monitorinqlərin əsas məqsədi xəstəliklərin erkən aşkarlanması, epizootoloji vəziyyətin qiymətləndirilməsi, atların Afrika xəstəliyi üzrə xəstəlikdən azad statusunun qorunub saxlanılması və beynəlxalq hesabatlılığın təmin edilməsindən ibarət olub. Atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlardan diaqnostik nümunələr götürülüb. Təsərrüfatlara baxış keçirilib, heyvan sahiblərinə maarifləndirici çap materialları təqdim edilib. Monitorinqlər zamanı götürülən nümunələr və epizootoloji vəziyyətə dair məlumatlar “Epicollect5” proqramına daxil edilib. Aparılan müşahidələrin və laborator müayinələrin nəticələrinə əsasən, təkdırnaqlı heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə şübhə yaradan klinik əlamətlər qeydə alınmayıb, həmçinin həmin xəstəliklərin törədiciləri aşkar edilməyib.
Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsində fərdi sahibkar Piriyev Rabil Fikrət oğluna məxsus yeni heyvan bazarı fəaliyyətə başlayıb. Qeyd edək ki, bu obyekt mövcud bazanın bərpası deyil, müasir tələblərə uyğun şəkildə inşa olunmuş yeni heyvan bazarıdır. Bazar baytarlıq-sanitariya və biotəhlükəsizlik tələblərinə uyğun infrastrukturla təmin olunub. Obyektdə baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb, kliniki baxış platforması, dezbaryerlər, izolyatorlar, heyvanların çəkisinin və bədən temperaturunun ölçülməsi üçün müvafiq avadanlıqlar quraşdırılıb. Eyni zamanda, heyvanların saxlanılması, nümayişi, yüklənməsi və boşaldılması üçün xüsusi bölmələr təşkil edilib, su və yem təchizatı, işıqlandırma və tullantıların idarə olunması sistemləri tam şəkildə qurulub. Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Abşeron, Masallı və Ağsu rayonlarında da heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, heyvan bazarları Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun şəkildə yenidən qurulmalıdır. Yenidən qurulan bazarlar yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonu, Təzəkənd kəndində fəaliyyət göstərən sahibkar Cəfərov Xalid Fehruz oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə müşayiətedici sənədləri olmayan pendir istehsal olunduğu, istifadə edilən suyun filtrdən keçirilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Son illərdə populyarlıq qazanan su pəhrizi müəyyən müddət ərzində yalnız su qəbuluna əsaslanan qidalanma üsuludur. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) eksperti Tutu Zeynalovanın sözlərinə görə, bu üsul arıqlamaq üçün effektiv vasitə deyil, əksinə, orqanizm üçün ciddi risklər yaradır. Mütəxəssis bildirir ki, insan yalnız su qəbul etdikdə orqanizm artıq piy ehtiyatlarını deyil, ilk növbədə daxili rezervləri – suyu və xüsusilə əzələ kütləsini sərf etməyə başlayır. Uzun müddət ac qalmaq maddələr mübadiləsinin zəifləməsinə, elektrolit balansının pozulmasına səbəb olur. Bu vəziyyət ürək ritminin pozulması, qan şəkərinin kəskin enməsi, böyrək funksiyalarının zəifləməsi və saç tökülməsinin sürətlənməsi kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bundan əlavə, bu cür sərt pəhrizlərdən sonra itirilən çəkinin qısa müddətdə geri qayıtma ehtimalı da artır. Tutu Zeynalova vurğulayır ki, çəki vermək istəyən şəxslər sağlam və balanslı qidalanma prinsiplərinə əməl etməli, eyni zamanda müntəzəm fiziki aktivliyi həyat tərzinə çevirməlidirlər.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri tərəfindən Binəqədi və Nəsimi rayonları ərazisində Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı zərərvericinin vaxtında aşkarlanması, yayılma arealının müəyyənləşdirilməsi və ümumi fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılıb. Eyni zamanda, may ayında quraşdırılmış feromon tələlərə baxış keçirilib. Müşahidələr göstərir ki, son illərdə Abşeron ərazisində Amerika ağ kəpənəyinin kütləvi yayılması tut, ağcaqayın və digər sahib bitkilərə ciddi ziyan vurur. İnsanların yaşadığı yaşayış məntəqələrində pestisidlərin tətbiqi məhdud olduğundan, zərərvericiyə qarşı ən effektiv mübarizə üsulu tırtılların yaratdığı torlu yuvaların mexaniki üsulla məhv edilməsidir. AQTA tərəfindən həyata keçirilən bu kimi monitorinqlər zərərvericinin yayılmasının qarşısının alınması, fitosanitar sabitliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan heyvanların sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılma riskinin azaldılması və heyvan rifahının yaxşılaşdırılması məqsədilə daşınma şərtlərinə dair yeni tələblər müəyyən edib. Qərara əsasən, 2027-ci il yanvarın 1-dən etibarən ölkəyə idxal olunan heyvanların daşınması yalnız Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nin tələblərinə cavab verən ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə həyata keçiriləcək. Keçid dövrü çərçivəsində, 2027-ci il yanvarın 1-dək heyvanların uyğunlaşdırılmış nəqliyyat vasitələrində bir mərtəbədə daşınmasına icazə veriləcək. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən olunub. Yeni tələblər heyvanların təhlükəsiz və rifah standartlarına uyğun daşınmasını, həmçinin sərhəd baytarlıq nəzarətinin effektivliyinin artırılmasını hədəfləyir. AQTA sahibkarları müəyyən edilmiş keçid dövründə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmağa çağırır.
Giriş