Heyvanların identifikasiyası: Fermadan süfrəyə təhlükəsiz izləmə
29 İyul 2026 09:33
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi məqsədini daşıyır.
Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı qanunvericiliklə tənzimlənir, qanuni tələbdir, məcburidir və ölkə üzrə baytarlıq nəzarətinin əsasıdır.
Heyvanların identifikasiyası Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir.
Heyvanların identifikasiyası aşağıdakı əsas məqsədlərə xidmət edir:
Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası: Heyvanların fərdi olaraq identifikasiyası baytarlıq tədbirlərinin dəqiq və effektiv aparılmasına imkan yaradır. Bu, xəstəliklərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması üçün mühüm nəzarət mexanizmidir.
Sağlamlıq və xəstəliklərə nəzarət: İdentifikasiya sayəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi barədə dəqiq məlumat toplanır, bu isə xəstəliklərin yayılmasının minimuma endirilməsinə və heyvanların sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına kömək edir.
Qida təhlükəsizliyi: Heyvanların qeydiyyatı və izlənməsi qida təhlükəsizliyi zəncirinin - “fermadan süfrəyə” konsepsiyasının qorunmasına şərait yaradır. Bu, heyvan mənşəli məhsulların keyfiyyətinə və təhlükəsizliyinə zəmanət verir.
Kənd təsərrüfatı və heyvandarlığın inkişafı: Heyvanların izlənilməsi məhsuldarlığın artırılması, heyvan mənşəli məhsulların effektiv idarə olunması və elmi tədqiqatların aparılması üçün vacibdir.
Ərzaq təhlükəsizliyi: İri və xırdabuynuzlu heyvanların dəqiq sayının müəyyənləşdirilməsi üçün identifikasiya və qeydiyyat mühüm rol oynayır.
İtirilmiş və oğurlanmış heyvanların tapılması: Heyvanların identifikasiya məlumatları itmiş və ya oğurlanmış heyvanların axtarışını asanlaşdırır və onların kimə məxsus olduğunu müəyyən edir. Bu, oğurluq hallarında hüquqi sübutu kimi də istifadə olunur.
Nəticə etibarı ilə, heyvanların identifikasiyası və qeydiyyatı baytarlıq nəzarətini gücləndirir, heyvanların sağlamlığı və rifahının qorunmasını təmin edir, qida təhlükəsizliyinin, ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, hüquqi və iqtisadi məsuliyyəti dəqiqləşdirir, təsərrüfatların inkişafı və dövlət dəstəyi üçün imkanlar yaradır.
Oxşar xəbərlər
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
AQTA sədri Yunanıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinu ilə görüşüb. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə səfiri məlumatlandırıb. İki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin genişləndirilməsi müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qax rayonunda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri keçirilib. Tədbirlər zamanı Qax rayonunun Qaradolaq, Qındırğa və Alatəmir kəndlərində sakinlərlə görüşlər keçirilib. Sakinlərə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə, xüsusilə meyvə və digər bitkilərə vurduğu zərər, məhsul itkisinə səbəb ola bilən amillər, eləcə də zərərvericiyə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda havaların soyuması və zərərvericinin mövsümi inkişaf xüsusiyyətləri ilə əlaqədar qışlama yerlərinə doğru kütləvi miqrasiyası müşahidə olunur. Payız-qış dövründə ən səmərəli və təhlükəsiz yanaşmalardan biri zərərvericinin mexaniki üsulla (əl ilə, süpürgə və ya tozsoran vasitəsilə) toplanaraq məhv edilməsidir. Bu tədbirlərin vaxtında və kütləvi şəkildə həyata keçirilməsi növbəti vegetasiya dövründə zərərvericinin sayının və yayılma ehtimalının azaldılmasında mühüm əhəmiyyət daşıyır. Tədbirlərdə kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib, maarifləndirici bukletlər paylanılıb. İctimai yerlərdə isə zərərverici ilə mübarizəyə dair məlumatlandırıcı posterlər yerləşdirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş