İnsan sağlamlığı üçün vacib olan 7 qidanı tanıyaq!
29 Dekabr 2023 09:42
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hər kəsə sağlam və faydalı qida məhsullarından istifadə olunmasını tövsiyə edir. İnsan sağlamlığı üçün vacib hesab olunan əsas 7 qida isə aşağıdakılardan ibarətdir:
Balıq: Balıq məhsulları Omeqa-3 yağ turşuları, eləcə də bir çox mineral və vitaminlərlə zəngindir. Bu məhsullar diqqət pozğunluğu, bağırsaq və digər xəstəliklərin yaranma riskini azaldır. Həmçinin beynin funksiyalarını yaxşılaşdırır, ürəyin sağlam olmasına kömək göstərir və sümüklər üçün faydalıdır. Balığın tərkibindəki zülal digər zülallara nisbətən tez həzm edilir.
Yumurta: "Təbii multivitamin" adlandırılan yumurta rasionumuzda mühüm yer tutur. Ortaölçülü 2 yumurtanın tərkibində gündəlik D vitamini ehtiyacımızın 82, fol turşusu ehtiyacımızın 50, B2 vitamini ehtiyacımızın 25, selen ehtiyacımızın isə 40%-i mövcuddur. Yumurta, həmçinin A, E, B5, B12 vitaminləri, dəmir, yod və fosforla zəngindir. 13 əsas vitamin və mineralla zəngin olan bu qida Omeqa-3 yağ turşuları və antioksidantlar da ehtiva edir.
Göyərtilər: Göyərtilər vitaminlərlə, üzvi turşularla, xüsusilə də, karotin, C, B qrup vitaminləri və fitonsidlərlə zəngindir. Bu məhsullar ürək-damar xəstəlikləri və piylənmə riskini azaldır. Göyərtilər zəngin lif tərkibinə malik olduğundan yaxşı həzm edilir və uzunmüddətli toxluq hissi yaradır. Bu məhsulların qurd yumurtaları ilə çirklənmə ehtimalı çox olduğu üçün istehlak edilməzdən əvvəl yaxşıca yuyulmalıdır.
Alma: Almanı “vitamin və mineral deposu” adlandıra bilərik. Alma dəmir, kalium, fosfor, sinklə zəngindir və yüksək lif tərkibinə görə asan həzm edilir. Antioksidantdır, yəni bədəni toksinlərdən təmizləyir. Yüksək C vitamini sayəsində qan damarlarının elastikliyini artırır.
Təbii zeytun yağı: Təbii zeytun yağı A, E vitaminləri və bir çox minerallarla zəngindir, iltihab əleyhinədir və antioksidant təsir göstərir. Bu yağ beynin və gözlərin sağlamlığı üçün əhəmiyyətlidir. Eyni zamanda Alzheymer xəstəliyinin müalicəsi və profilaktikası zamanı faydalı olduğu düşünülür.
Çərəzlər: Çərəzlər insan orqanizminin ehtiyac duyduğu gündəlik vitamin və mineral normasını, eləcə də beynin təbii yağlara olan ehtiyacını ödəyir. Eyni zamanda çərəzlərin tərkibindəki lif, vitamin, mineral və antioksidantlar bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır.
Təbii fermentləşdirilmiş kələm: Təbii halda fermentləşdirilmiş kələm təzə kələmdən daha faydalı hesab edilir. Fermentasiya edildikdə kələmin tərkibindəki şəkər süd turşusuna çevrilir. Süd turşusunun özü çox faydalıdır. Probiotik və prebiotik xüsusiyyətlərə malik olmaqla, bağırsaqlarda zərərli mikroorqanizmlərin çoxalmasının qarşısını alır və toksinlərin bədəndən xaric olmasını sürətləndirir. Qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edir. Həzm prosesinə yaxşı təsir göstərir. Bundan əlavə, məhsul A vitamini, manqan, kalium və kalsiumla zəngindir. Zərərli xolesterinlə mübarizə apararaq ürək-damar xəstəlikləri riskini azaldır. Payız-qış dövründə daha çox istifadə edilən bu məhsul C vitamini ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Faydalı xüsusiyyətlərinə baxmayaraq, təbii fermentləşdirilmiş kələmin qastrit, xora və mədə turşuluğunun normadan artıq olduğu xəstəliklər zamanı istifadəsi tövsiyə edilmir.
Qeyd edək ki, insan sağlamlığı üçün vacib hesab edilən 7 qida ilə bağlı AQTA tərəfindən videoçarx hazırlanıb. Həmin videoçarxı təqdim edirik.
Oxşar xəbərlər
Şəki–Zaqatala bölgəsində qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə işləri aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şəki–Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizədə ictimai fəallığın artırılması məqsədilə bölgədəki təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatı bitkilərinə və meyvə bağlarına vurduğu zərər barədə məlumatlar verilir. Həmçinin zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılır. Bildirilir ki, qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərində, anbarlarda və digər tikililərdə toplaşır. Zərərverici aşkar edildikdə onun mexaniki üsulla toplanaraq məhv edilməsi, tikililərə daxil ola biləcəyi boşluqların bağlanması və digər profilaktik tədbirlərin görülməsi tövsiyə edilir.
Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
Bitki sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən bitkiçilik təsərrüfatlarında mütəmadi monitorinqlər aparılır, təsərrüfat sahiblərinə bitki xəstəliklərinin vaxtında aşkarlanması və onlara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi ilə bağlı maarifləndirici məlumatlar verilir. Cari mövsümdə respublikanın Şimal və Şimal-Şərq bölgələrində müşahidə olunan qeyri-sabit hava şəraiti, yağıntılı günlərin tez-tez təkrarlanması və havanın nisbi rütubətinin yüksək olması alma və armud bağlarında dəmgil xəstəliyinin inkişafı və yayılması üçün əlverişli şərait yarada bilər. Dəmgil tumlu meyvə bitkilərində, xüsusilə alma və armudda geniş yayılmış göbələk mənşəli xəstəliklərdən biridir. Xəstəlik əsasən bitkinin yarpaqlarını, zoğlarını və meyvələrini zədələyir. Yarpaqların səthində əvvəlcə zeytuni-qonur, sonradan isə daha tünd rəng alan ləkələr əmələ gəlir. Güclü sirayətlənmə zamanı yarpaqlar quruyaraq vaxtından əvvəl tökülə bilər. Bu isə fotosintez prosesinin zəifləməsinə və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Yoluxmuş meyvələrin səthində tünd rəngli, aydın seçilən ləkələr yaranır. Meyvələr inkişafın erkən mərhələsində zədələndikdə ləkələrin altında mantarlaşmış toxuma əmələ gəlir, nəticədə meyvələrin normal inkişafı pozulur, forması dəyişir və zədələnmiş hissələrdə çatlar yaranır. Yetişməyə yaxın dövrdə yoluxmuş meyvələrdə isə ləkələr əmələ gəlsə də, deformasiya və çatlama daha az müşahidə oluna bilər. Dəmgil xəstəliyi məhsulun xarici görünüşünü və əmtəəlik keyfiyyətini aşağı salır, meyvələrin saxlanma qabiliyyətinə mənfi təsir göstərərək məhsul itkilərinin artmasına səbəb ola bilər. Xəstəliyin inkubasiya müddəti ətraf mühit şəraitindən, temperaturdan və yarpaqların nəm qalma müddətindən asılı olaraq dəyişir və əlverişli şəraitdə təxminən 8–21 gün davam edə bilər. Yüksək nisbi rütubət və yağıntılı hava şəraiti göbələyin inkişafı və xəstəliyin yayılması üçün əlverişli şərait yaradır. Xəstəliyin əsas ilkin infeksiya mənbələrindən biri torpağa tökülmüş yoluxmuş yarpaqlardır. Yaz aylarında həmin yarpaqlarda formalaşan sporlar külək və yağıntılar vasitəsilə yayılaraq yeni yarpaqları və meyvələri yoluxdura bilər. Yağıntılı hava şəraiti davam etdikdə vegetasiya dövrü ərzində təkrar yoluxma riski də artır. Dəmgil xəstəliyinin yayılmasının qarşısını almaq və məhsul itkilərini azaltmaq üçün aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirləri kompleks şəkildə həyata keçirilməlidir: • Sanitariya tədbirləri: Vegetasiyanın sonunda yerə tökülmüş yoluxmuş yarpaqlar və meyvələr bağdan yığılmalı, qüvvədə olan fitosanitar və ekoloji tələblərə uyğun qaydada məhv edilməli və ya zərərsizləşdirilməlidir. Bu tədbirlər növbəti vegetasiya dövründə ilkin infeksiya mənbələrinin azalmasına kömək edir. • Budama və çətirin seyrəldilməsi: Ağacların vaxtında budanması, sıxlaşmış budaqların seyrəldilməsi və çətirdaxili havalanmanın yaxşılaşdırılması təmin edilməlidir. Bu, yarpaqların uzun müddət nəm qalmasının qarşısını almağa və xəstəliyin inkişaf riskini azaltmağa kömək edir. • Aqrotexniki qulluq: Cərgəaraları və torpaq müvafiq qaydada becərilməli, ağacların düzgün formalaşdırılması və bağın fitosanitar vəziyyətinə müntəzəm nəzarət təmin edilməlidir. • Monitorinq: Xüsusilə yaz aylarında, tumurcuqların açılması və çiçəkləmə dövründə ağaclar mütəmadi yoxlanılmalı, xəstəliyin ilkin əlamətləri vaxtında müəyyən edilməli, hava şəraiti və yoluxma riski nəzərə alınmalıdır. • Kimyəvi mübarizə: Alma və armud bağlarında dəmgil xəstəliyinə qarşı Bordo məhlulundan və digər fungisidlərdən istifadə edilə bilər. Bordo məhlulu mis sulfat və əhəng əsasında hazırlanan təmas təsirli vasitədir. Onun tətbiqi bitkinin inkişaf mərhələsi və preparatın istifadə təlimatı nəzərə alınmaqla həyata keçirilməlidir. Funqisid preparatlarının tətbiq norması, çiləmələrin sayı və müddəti yalnız təsdiq edilmiş etiket məlumatlarına əsasən müəyyən edilməlidir. Yağıntılı və yüksək rütubətli dövrlərdə xəstəliyin yayılma riski nəzərə alınmalı, mübarizə tədbirləri vaxtında aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı aqrotexniki, sanitariya və kimyəvi mübarizə tədbirlərinin vaxtında və düzgün həyata keçirilməsi xəstəliyin yayılma riskini azaltmağa, bitkilərin sağlamlığını qorumağa, itkilərin qarşısını almağa və keyfiyyətli məhsul əldə etməyə imkan verir.
Qoşqar Təhməzli sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli noyabrın 5-i saat 14:00-da Agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 77) 100 32 56 nömrəsinə zəng vurmaqla, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla noyabrın 4-ü saat 14:00-dək qəbula yazıla bilərlər.
Giriş