İran İslam Respublikasından idxal edilən bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar edilib
15 Yanvar 2022 12:30
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il 26 noyabr tarixində İran İslam Respublikasından “Palen AS” MMC tərəfindən idxal edilən 11657 kq, 2021-ci il 8-9 dekabr tarixində “Amotrade” MMC tərəfindən idxal olunan 7500 kq, “Tissot” MMC tərəfindən idxal olunan 7200 kq bibər məhsulundan Agentliyin mütəxəssisləri tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkar edilib. Qeyd edək ki, nümunələrin götürülməsi zamanı yük sahiblərinin və onların səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilib, ekspertiza keçirilənə qədər məhsul partiyalarının toxunulmazlığı barədə yük sahibləri xəbərdarlıq edilərək onlardan iltizam alınıb.
Qanunvericiliyə və beynəlxalq təcrübəyə əsasən, idxal olunan bibər məhsulunda qonur qırışıqlıq virusu aşkar olunarsa, məhsul aidiyyəti qurumun iştirakı ilə fitosanitar karantin tələblərinə əməl edilməklə məhv edilir. Beləliklə, virus aşkarlanan “Amotrade” MMC (7500 kq) və “Tissot” MMC-yə (7200 kq) məxsus bibər məhsulu partiyaları məhv edilib. Lakin yuxarıda qeyd edilən “Palen AS” MMC-yə (11657 kq) məxsus bibər məhsulunun saxlandığı anbara Agentlik əməkdaşları tərəfindən məhsulun məhv edilməsi üçün keçirilən təkrar baxış zamanı, iltizamnamənin alınmasına baxmayaraq, yük partiyasının qanunsuz olaraq satıldığı və müvafiq tələblərin yerinə yetirilmədiyi müəyyən edilib.
Aşkar olunmuş qanunsuz fəaliyyətlə bağlı məsələyə hüquqi qiymətin verilməsi üçün zəruri məlumatlar toplanaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
Oxşar xəbərlər
Xaçmazda pestisid və aqrokimyəvi maddələrin dövriyyəsinə nəzarət tədbirləri keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Nərəcan, Çinartala, Pirquluoba və Əhmədoba kəndlərində, eləcə də Yeni Həyat qəsəbəsində bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin saxlanma anbarlarında və satış obyektlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı preparatlar saxlanma və satış şəraiti, sanitariya-gigiyena və təhlükəsizlik tələblərinə uyğunluğu, dövlət qeydiyyatı, etiketlənməsi, keyfiyyət göstəriciləri və yararlılıq müddətləri yoxlanılıb. Baxış zamanı bəzi obyektlərdə hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş məhsullar aşkar edilib. Həmin preparatların satışının qarşısı alınıb və qanunvericiliyə uyğun digər zəruri tədbirlər görülüb. Həmçinin sahibkarlıq subyektlərinə uyğunsuzluqların aradan qaldırılması məqsədilə icrası məcburi göstərişlər verilib.
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş