İranın 5, Belarusun isə 4 ixracatçısının ölkəmizə məhsul idxalına qadağa qoyulub
4 Aprel 2023 17:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirlərini davam etdirir.
Həyata keçirilən tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən İran İslam Respublikasından idxal olunan portağal və Belarus Respublikasından gətirilən ərzaqlıq kartof məhsullarına fitosanitar baxış keçirilib. Götürülən nümunələr Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Aparılmış ekspertiza nəticələrinə əsasən, İran İslam Respublikasından idxal olunan portağal məhsullarında 63 halda sitrus tristeza virusu, Belarus Respublikasından idxal edilən ərzaqlıq kartof məhsullarında isə 44 halda kartof yumrularında halqavari bakterial çürümə və 1 halda kartofun qonur çürümə bakteriyası aşkar edilib. İrandan olan ixracatçılara məxsus portağal məhsullarında aşkarlanan uyğunsuzluqlardan 20-si “Tejarat Rejal Zagros”, 15-i “Grohe Bazargani Rangin Miveh Khavarmiane”, 5-i “Armin Tejarat Tabriz”, 4-ü “Fajr Tandis Ourasia” və 4-ü “Shirin Noosh Tejarat” şirkətlərinin payına düşüb. Belarus ixracatçılarına məxsus ərzaqlıq kartof məhsullarında aşkar olunan uyğunsuzluqlardan isə 14-ü "Совхоз Доброволец", 5-i "Восход", 3-ü “Царево”, 3-ü isə "Машпищепрод" şirkətlərinə aid olub.
Faktlarla əlaqədar AQTA tərəfindən İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına və Belarus Respublikasının Kənd Təsərrüfatı və Qida Nazirliyinə bildirişlər göndərilərək baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Qeyd olunanlara əsasən, Agentlik tərəfindən İran İslam Respublikası və Belarus Respublikasının adıçəkilən ixracatçılarının Azərbaycana məhsul idxalına 2023-cü il 5 aprel tarixindən müvəqqəti qadağa qoyulması qərara alınıb.
Qeyd edək ki, bir müddət əvvəl AQTA ölkəyə idxal olunan bitkiçilik məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı sahibkarlara xəbərdarlıq edib. Bildirilib ki, karantin tətbiq edilən zərərvericilərlə sirayətlənmiş məhsulların idxalını təkrar həyata keçirən şirkətlər və həmin şirkətləri sözügedən məhsullarla təmin edən xarici şirkətlərin bu kimi fəaliyyətləri ölkəmizdə bitki sağlamlığının təmin olunması üçün ciddi təhlükə yaradır. Agentlik bu kimi hallar aşkar olunduğu təqdirdə, həmin ölkələrdən bu məhsulların idxalına bötüvlükdə müvəqqəti məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı bir daha xəbərdarlıq edir.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş