İşğaldan azad edilmiş ərazilərdə qida subyektlərinin və obyektlərinin səyyar qeydiyyatına başlanıb
21 Noyabr 2023 16:33
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, o cümlədən həmin ərazilərə köçürülən əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaradılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Proses çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında fəaliyyət göstərən sahibkarların işinin asanlaşdırılması məqsədilə AQTA əməkdaşları tərəfindən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasına başlanıb. Sahibkarlar heç bir quruma getmədən və əlavə vaxt itkisinə yol vermədən qida obyektlərinin qeydiyyatına dair çıxarışlarla təmin olunurlar. Artıq noyabr ayının ötən günləri ərzində 32 müəssisə qeydiyyata cəlb edilib və sahibkarlıq subyektləri qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, sahibkarlar Agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.
Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş