İsmayıllı rayonunda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
9 Sentyabr 2026 17:47
20.08.2026-cı il tarixində Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Çağrı Mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zamanı kütləvi zəhərlənmə şübhəsi ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında AQTA əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 40 nəfər zərər çəkib.
Araşdırmalar zamanı ilkin şübhəli qida məhsulları kimi buğlama və düyü müəyyən edilib. Həmin məhsullardan, istehlaka təqdim olunan digər qidalardan, eləcə də zərərçəkən şəxslərdən laborator müayinələrin aparılması məqsədilə nümunələr götürülərək analizə cəlb olunub.
Laborator müayinələrin nəticələrinə əsasən, bişmiş düyü nümunəsində Bacillus cereus, zərərçəkən şəxslərdən götürülmüş nümunələrdə isə Staphylococcus aureus və Escherichia coli (bağırsaq çöpü) bakteriyaları aşkarlanıb.
Staphylococcus aureus normal hallarda dəri və selikli qişa mikroflorasında mövcud olan bakteriyadır. Termiki emaldan keçmiş hazır qida məhsullarında bu bakteriyanın aşkar olunması həmin məhsulların hazırlanması və ya sonrakı mərhələdə sanitariya-gigiyena tələblərinin pozulduğunu, o cümlədən çarpaz çirklənmənin baş verdiyini və ya saxlanma şəraitinə riayət edilmədiyini göstərir.
Qeyd edək ki, toy məclisində istehlak olunan qidalar ev şəraitində hazırlanıb.
AQTA bir daha vətəndaşlara müraciət edərək bildirir ki, kütləvi tədbirlər zamanı qida məhsullarının hazırlanması, saxlanması və istehlaka təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir.
Xüsusilə ev şəraitində hazırlanan qidaların kütləvi məclislərdə istehlaka təqdim olunması tövsiyə edilmir. Belə hallarda qidaların hazırlanması və saxlanması zamanı temperatur rejiminə, şəxsi gigiyena qaydalarına və digər qida təhlükəsizliyi tələblərinə tam riayət olunmaması qida zəhərlənmələri riskini artıra bilər.
Oxşar xəbərlər
Şadlıq saraylarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır - VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən şadlıq saraylarında mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. AQTA-nın Bakı Regional bölməsinin rəisi Elşad Cəbrayılov bildirib ki, şadlıq sarayları yüksək risk qrupuna aid qida obyektləridir. Bu səbəbdən obyekt rəhbərləri qida təhlükəsizliyi tələblərinə əməl olunmasını, xüsusilə mətbəxlərin sanitar-gigiyenik vəziyyətinin, işçilərin şəxsi gigiyenasının, qida məhsullarının daşınması, saxlanması və hazırlanması qaydalarının təmin edilməsini diqqətdə saxlamalıdırlar. Elşad Cəbrayılov kütləvi qidalanma xidmətləri göstərən obyektlərin rəhbərlərini qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb. Daha ətraflı:
“Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb
Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən araşdırma aparılıb. Məclisdə istifadə olunan qida məhsulları toy sahibi tərəfindən restorana təqdim edilib. Araşdırma zamanı istehlaka təqdim olunan qida məhsullarından, restoranda qida ilə təmasda olan işçilərin əllərindən, bundan əlavə mətbəxdə olan səthlərdən, alət və avadanlıqlardan yaxma nümunələri götürülərək müvafiq laboratoriyaya göndərilib. Araşdırma yekunlaşanadək “Günəş” restoranının fəaliyyəti məhdudlaşdırılıb.
Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb
Gəncə şəhərində C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə baş vermiş qida zəhərlənməsi hadisəsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Şagirdlərin qida məhsulunu alaraq istehlak etdikləri bufetdə yoxlama aparılıb, fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Yoxlama zamanı bufetdə satışa çıxarılan qida məhsullarından nümunələr götürülərək laboratoriyaya göndərilib. Araşdırmalar davam etdirilir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə Koordinatoru olacaq
Giriş