İspaniyadan Azərbaycana idxal olunan pomidor toxumunda qonur qırışıqlıq virusu aşkarlanıb
7 İyun 2021 14:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarətində olan məhsullara nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən İspaniya Krallığından Azərbaycan Respublikasına idxal olunan “Diamond seeds” toxum şirkətinə məxsus pomidor toxumuna baxış keçirilib. Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsulda qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkar edilib. Agentlik tərəfindən virus aşkarlanan pomidor toxumlarının satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin İstehsalçı ölkənin müvafiq qurumuna Azərbaycan Respublikasının ərazisinə idxal olunan bitki və bitkiçilik məhsullarında Azərbaycan Respublikasının fitosanitar tələblərinin və 13 №-li FTBS-in (Fitosanitar tədbirlər üzrə beynəlxalq standart) tələblərinin pozulmasına dair bildiriş göndərilib və qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.
Qeyd edək ki, Agentlik qida zənciri yanaşmasına uyğun olaraq, qida məhsullarının istehsalında istifadə olunan toxum məhsullarından başlayaraq qida zənciri boyunca məhsulların fitosanitar və baytarlıq tələblərinə uyğunluğunun nəzarətini həyata keçirir. Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etsinlər. Həmin viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər. Bu cür sahibkarlara qarşı çox ciddi tədbirlər görüləcək.
Oxşar xəbərlər
Amerika ağ kəpənəyi ilə bağlı maarifləndirici görüşlər keçirilir
Azərbayca Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirləri barədə əhalinin məlumatlandırılması məqsədilə Şəki rayonunun Aşağı Göynük, İnçə, Biləcik, Baltalı, Zaqatala rayonunun Aşağı Tala, Göyəm, Maqov və Fındıqlı kəndlərində maarifləndirici tədbirlər keçirilib. Görüşlərdə sakinlərə zərərvericinin xüsusiyyətləri, yayılma yolları, bitkilərə vurduğu zərər və ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verilib. Tədbirlər çərçivəsində sakinlərə maarifləndirici bukletlər paylanılıb, onların sualları cavablandırılıb. AQTA tərəfindən Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması, bitki sağlamlığının qorunması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə maarifləndirici tədbirlər davam etdirilir.
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə üsulları
Qəhvəyi mərmər bağacığı ölçüsü 12-17 mm, qəhvəyi rəngli, üzərində ləkələr olan, bədəni azacıq yastı və armudvari formalı zərərvericidir. Zərərverici 300-dən çox bitki növü ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Qəhvəyi mərmər bağacığının yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar, ağac materialları yüklənmiş konteynerlər, təzə meyvə-tərəvəz, kəsilmiş güllər, tinglər və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilir. Qəhvəyi mərmər bağacığı evlərin çardaqlarında, qapı və pəncərə boşluqlarında, taxta və odun yığınları arasında qışlaya bilir. Zərərvericinin qışlama yerlərini maksimum məhdudlaşdırmaq məqsədilə evlərdə, çardaqlarda, bağlara yaxın tikililərdə vaxtında təmizləmə və təmir işləri aparılmalıdır. Bundan başqa, bağacığın qışlamaq üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaq üçün bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Aşkar edildikləri təqdirdə onları süpürgə, tozsoran və s. vasitəsilə toplamaq və məhv etmək lazımdır.
AQTA Amerika ağ kəpənəyinə qarşı monitorinq tədbirlərini davam etdirir
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları karantin tətbiq edilən təhlükəli zərərverici − Amerika ağ kəpənəyinin yayılmasının qarşısının alınması məqsədilə monitorinq və fitosanitar nəzarət tədbirlərini davam etdirir. Bu çərçivədə Lənkəran rayonunun Lənkəran və Liman şəhərləri, Haftoni qəsəbəsi, Göyşaban, Ürgə, Boladi, Separadi, Daşdalıqcar, Siyəvar, Tütəpeştə, Aşağı Nüvədi, Sütəmurdov, Velədi və Kərgəlan kəndlərində zərərvericinin növbəti nəslinin yetkin fərdlərinin aşkar edilməsi və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə monitorinqlər aparılıb. Zərərvericinin yayılma arealına uyğun olaraq ərazilərdə feromon tələlər asılıb. Bununla yanaşı, Bakı şəhərinin Nizami rayonunda yaşayış binalarının həyətlərində və yol kənarlarında yerləşən ağaclarda Amerika ağ kəpənəyinin yayılması ilə bağlı müvafiq monitorinq tədbirləri həyata keçirilib. Zərərvericinin populyasiya sıxlığının izlənilməsi və erkən aşkarlanması məqsədilə ərazinin müxtəlif nöqtələrində feromon tələlər quraşdırılıb. Monitorinq tədbirləri zamanı sakinlərlə maariflənidirici görüşlər də keçirilib. Sakinlərə zərərverici ilə bağlı məlumat təqdim olunub, bukletlər paylanıb və müvafiq tövsiyələr verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş