İstehlak üçün yararsız at ətinin mal əti adı altında satışının həyata keçirilməsinin qarşısı alınıb
22 Avqust 2023 16:55

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib. Tədbir zamanı Cəlilabad rayonunda istehlaka yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən istehlaka yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər

Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Lək kəndində fəaliyyət göstərən “Qədiroğlu” MMC-yə məxsus “Qədiroğlu” marketdə yoxlama keçirib. Baxış zamanı marketdə yararlılıq müddəti bitmiş toyuq əti və şirniyyat, qanunvericiliyə uyğun etiket məlumatları olmayan ərik qurusu, müşayiətedici sənədləri olmayan ət məhsulları aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Biləsuvarda “Nur” şadlıq sarayında nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar rayonu, Xırmandalı kəndində fəaliyyət göstərən Muxtarzadə Səbuhi Əlirahim oğluna məxsus “Nur” şadlıq sarayında yoxlama keçirib.

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.
