İstehlaka yararsız qida məhsulları məhv edilib
13 Noyabr 2023 17:31

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 10,2 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Oxşar xəbərlər

Yardımlıda ticarət obyektində istehlaka yararsız məhsulların satışının qarşısı alınıb
Yardımlı şəhəri, H.Əliyev küçəsi 245 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Quluzadə Murad Möhübbət oğluna məxsus ticarət obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu məlum olub. Belə ki, ticarət obyektində istifadə müddəti bitmiş ümumi həcmi 47,16 litr olan müxtəlif əmtəə nişanlı alkoqollu və alkoqolsuz içkilərin, ümumi çəkisi 2,34 kq olan ət konservinin satışa çıxarıldığı aşkarlanıb. Eyni zamanda qida məhsullarının saxlanma qaydalarına və temperatur rejiminə əməl olunmadığı, işçinin tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar məhv edilib.

“Ulduz-reytinq” layihəsi çərçivəsində müraciətlərin sayı 100-ü keçib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəricilərinə əsasən reytinqini müəyyənləşdirməyə davam edir. Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim şansı yaradır. “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. İndiyə qədər Bakı və regionlar daxil olmaqla sahibkarlar tərəfindən AQTİ-yə 101 müraciət daxil olub, onlardan 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib. Digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir. Məlumat üçün qeyd edək ki, Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir. Qeyd edək ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 1-i saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
