İtaliyadan idxal olunan xörək duzu və qazsız təbii suda uyğunsuzluq aşkarlanıb
11 Aprel 2025 15:00
Nəzarət tədbirləri çərçivəsində "Vertex Commerce" MMC-nin İtaliyadan idxal etdiyi “İtalkali” şirkətinin istehsalı olan 144 kq “Italkali Sale Sicilia Fino Kg1” əmtəə nişanlı xörək duzu və “Fiuggi” şirkətinin istehsalı olan 151.2 kq “Fiuggi Acqua Nat.Lt1” əmtəə nişanlı qazsız təbii sudan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində məhsullarda uyğunsuzluq aşkar edilib.
Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.
Oxşar xəbərlər

Sabunçuda süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
AQTA əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə 65 ünvanında fəaliyyət göstərən, Hüseynov Ağahüseyn Kamil oğluna məxsus süd məhsullarının istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində bir sıra tələblərin pozulması faktları aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi, emal prosesi zamanı texnoloji ardıcıllıq prinsipinə, gigiyena qaydalarına riayət olunmadığı, qablarda kiflənmə əlamətlərinin müşahidə edildiyi, hazır məhsulların birbaşa döşəmə üzərində, ara məsafəsi gözlənilmədən saxlandığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və gigiyenik təlimlərə cəlb edilmədiyi müəyyən edilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların (şor, dovğa) etiket məlumatlarında istehsal tarixi və yararlılıq müddətinin saxtalaşdırıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün laboratoriyaya təqdim olunub. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Binəqədidə saxta alkoqollu içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 15/1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qaraqurbanlı Rəşad Xanlar oğluna məxsus “Pub 008” ictimai iaşə obyektində yoxlama keçirib. Baxış zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan 4 ədəd 1 litrlik, 3 ədəd 0.7 litrlik “Olmeca Tequila” əmtəə nişanlı tekila, 2 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Chivas Regal 12” əmtəə nişanlı viski, 3 ədəd 0.7 litrlik, 4 ədəd 0.5 litrlik “Jack Daniel`s” əmtəə nişanlı viski aşkarlanıb. İçkilərin bir qismində qablaşdırılmada istifadə olunan başlığın kustar üsulla yapışdırıldığı, məhsulun qapağındakı və etiketlənmədəki “LOT” kodların fərqli olduğu və qapaq hissəsində qopmalar müəyyən edilib. Həmçinin qeyd olunan alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Faktla bağlı inzibati icraata başlanıb, həmin məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə qərar qəbul edilib və nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalatçıları və İdxalatçıları Assosiasiyasının üzvləri və bu sahədə fəaliyyət göstərən sahibkarlarla birlikdə ictimai müzakirəsi təşkil edilib. AQTA rəsmisi Elxan Mikayılov qeyd edib ki, yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsəd ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsidir. Layihəyə əsasən, ölkə üzrə Bitki Sağlamlığı Reyestrinin yaradılması və bitki mühafizə vasitələrinin, aqrokimyəvi maddələrin, həmçinin onların istehsalı (emalı) və dövriyyəsi ilə məşğul olan subyektlərin və onların obyektlərinin də həmin reyestrə daxil edilməsi nəzərdə tutulur. Bildirilib ki, Qanun layihəsində bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı, istehsalı, qablaşdırılması, etiketlənməsi, idxalı, ixracı, təkrar ixracı və dövriyyəsi ilə əlaqədar yeni müddəalar öz əksini tapıb, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istifadəsinə və qalıq miqdarına dövlət nəzarəti ilə bağlı xüsusi tələblər müəyyən edilib. Ümumilikdə, Qanun layihəsi çərçivəsində əhalinin sağlamlığının və ətraf mühitin qorunması istiqamətində zərərli orqanizmlərlə mübarizə zamanı kimyəvi mübarizəyə alternativ daha təhlükəsiz mübarizə üsullarının, xüsusilə də inteqrir mübarizənin tətbiqinə üstünlük verilməsi, bitki mühafizə vasitələrindən son həll yolu kimi istifadə edilməsi öz əksini tapıb. Görüşdə sahibkarların yeni Qanun layihəsi ilə bağlı təklifləri dinlənilib, sualları cavablandırılıb.