Karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar təsdiq edilib
17 Yanvar 2024 15:35
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydaların təsdiq edilməsi haqqında” Qərar qəbul edib. Qərara əsasən, bu Qaydalar Azərbaycan ərazisinə başqa dövlətlərdən zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması məqsədini daşıyır və respublikanın ərazisinə idxal edilən və ölkə ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar tələbləri müəyyənləşdirir.
Sənəddə bildirilir ki, Azərbaycan ərazisinə gətirilən karantin nəzarətində olan materiallar Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”nda adları qeyd edilən orqanizmlərdən azad olmalı və bu qaydalara tabe tutulmalıdır. Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nda qeyd edilən fitosanitar nəzarətinə aid olan mallar Azərbaycan ərazisinə idxal edilən zaman ixrac və ya təkrar ixrac edən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikatla müşayiət olunmalıdır. İxrac və ya təkrar ixrac fitosanitar sertifikatları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 12 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartın (“Fitosanitar Sertifikatlar”) tələblərinə uyğun, ingilis və ya rus dilində olmalıdır. Bu Qaydalara cavab verən yüksək fitosanitar riskli karantin nəzarətində olan məhsulların (kəsilmiş güllər, habelə seleksiya və elmi-tədqiqat məqsədləri üçün gətirilən əkin və səpin materialları da daxil olmaqla) əl yükləri, beynəlxalq poçt daşımaları və daşıyıcı şirkətlər vasitəsilə idxalına yalnız həmin məhsullar ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən verilmiş ixrac fitosanitar sertifikatı ilə müşayiət edildiyi halda yol verilir. Azərbaycana hər hansı bir ölkədən ilk dəfə idxal ediləcək yeni bitki və bitkiçilik məhsulları üzrə zərərli orqanizmlərin fitosanitar risk təhlilinin nəticələrinə dair müvafiq arayışı (hesabatı) ixrac edən ölkənin Bitki Mühafizəsi üzrə Milli Təşkilatı tərəfindən AQTA-ya təqdim edilməli və dəyərləndirildikdən sonra daşıdığı risk məqbul olduğu halda idxalına icazə verilməlidir. Azərbaycan ərazisinə idxal edilmiş karantin nəzarətində olan yük partiyalarında karantin tətbiq edilən canlı zərərli orqanizmlər və ya digər uyğunsuzluqlar aşkar olunduqda, məhsulun tara ilə birlikdə fitosanitar nəzarəti məntəqələrində və ya təyinat yerlərində zərərsizləşdirilməsi, seçilməsi və ya yenidən qablaşdırılması, digər məqsədlə istifadəsi üçün emala göndərilməsi, bunlar mümkün olmadığı halda isə idxalçının istəyi nəzərə alınmaqla geri qaytarılması və ya tara ilə birlikdə məhv edilməsi barədə Agentlik tərəfindən müvafiq Qərar qəbul olunur.
Sənədə əsasən, uyğunsuzluq aşkarlanmış karantin nəzarətində olan yük partiyasına münasibətdə həyata keçirilən tədbirlər hüquqi və fiziki şəxslərin (yük sahiblərinin) hesabına aparılır. Azərbaycan ərazisinə gətirilən çox dövriyyəli taxta qablaşdırma materialları “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının (“Beynəlxalq ticarətdə taxta qablaşdırma materiallarının tənzimlənməsi”) tələblərinə cavab verməlidir.
Sənəddə qeyd olunur ki, qablaşdırma materialı kimi karantin tətbiq edilən zərərli orqanizmlərin daşıyıcısı ola bilən ot-alaf, küləş, ağac yonqarı, yarpaq və oxşar bitki mənşəli materiallardan istifadə olunması qadağandır. Fitosanitar karantin ekspertizasının aparılması üçün nümunə götürülmüş fitosanitar nəzarətinə aid olan mallar yalnız ekspertiza rəyinin nəticələri müsbət olduğu halda istifadə edilə bilər. Ekspertiza başa çatana qədər məhsul ilkin qablaşdırma materialında və zərərli orqanizmlərin yayılması istisna ediləcək şəraitdə, digər yerlərə daşımamaq və realizə etməmək şərti ilə gömrük orqanları ilə razılaşdırmaqla, fitosanitar nəzarəti məntəqələrində, yaxud idxalatçıya məxsus və ya onun icarəsində olan digər anbarda saxlanıla bilər.
Ölkə ərazisinə idxal olunan qablaşdırılmış əkin və səpin materialları üzərində məhsulun adı, mənşə ölkəsi, istehsal yeri, istehsalçısı, genetik modifikasiyaya məruz qalmaması haqqında məlumatlar digər dillərlə yanaşı, Azərbaycan dilində də olmalıdır. Həmçinin kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir.
Sənəddə əkin və səpin materialları üçün xüsusi, həmçinin tərəvəzlər və ərzaqlıq kartofa qoyulan fitosanitar karantin tələbləri, eyni zamanda taxıl, dənli paxlalı və yağlı bitkilərin dənləri və onların emal olunmuş məhsullarına, meyvə və giləmeyvələrə, buket hazırlamaq üçün yararlı və ya dekorativ məqsədlər üçün kəsilmiş budaqlara, güllərə və qönçələrə, eləcə də Azərbaycan ərazisinə idxal olunan digər karantin nəzarətində olan materiallara qoyulan fitosanitar tələblər və meşə materialları (taxta) üçün fitosanitar tələblər əksini tapıb.
“Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ın təsdiq edilməsi haqqında” Qərarla aşağıdakı fayl vasitəsilə daha ətraflı tanış ola bilərsiniz:
“Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 2023-cü il 26 dekabr tarixli 41 nömrəli Kollegiya Qərarı
867.45KOxşar xəbərlər
Bitkiçilik məhsullarının ixracı davam etdirilir
Payız ixrac mövsümü ilə əlaqədar Azərbaycanın xurma, nar, üzüm və digər bitkiçilik məhsullarının ixracı davam edir. İxrac edilən bitkiçilik məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə məhsul partiyalarına fitosanitar karantin baxışı keçirilir, müvafiq analizlərin aparılması üçün nümunələr götürülür və eynilik nəzarəti həyata keçirilir. Məhsul partiyalarının idxalçı ölkələrin, eləcə də beynəlxalq standartların tələblərinə uyğunluğu yoxlanılır. Müəyyən edilmiş tələblərə cavab verən məhsul partiyalarına fitosanitar sertifikat verilir və onların ixracına icazə verilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi idxal və ixrac əməliyyatlarının daha çevik, şəffaf və sahibkarlar üçün əlçatan şəkildə həyata keçirilməsi məqsədilə göstərilən xidmətləri tam elektronlaşdırıb. Daha ətraflı:
Samuxda sahibkar müraciəti əsasında 165 baş heyvan identifikasiya olunub
Heyvanların identifikasiyası və uçotu üzrə tədbirlər davam etdirilir. Samux rayonunda təsərrüfat sahibi Elmar Əliyevin müraciəti əsasında 165 baş heyvana fərdi birkalar vurularaq qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən təlimata uyğun həyata keçirilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, AQTA tərəfindən təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.
AQTA-da “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
Dünyanın müxtəlif regionlarında münaqişələrin və humanitar çağırışların davam etdiyi bir şəraitdə sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan sülh və əmin-amanlığın təmin olunmasını, regionda davamlı sabitliyin və əməkdaşlığın formalaşdırılmasını mühüm prioritetlərdən biri kimi müəyyən edib. Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönələn proseslərin mühüm tərkib hissəsidir. Bu kontekstdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib. Tədbirdə AQTA-nın Hüquq və insan resursları şöbəsinin müdir müavini, Hüquqi təminat sektorunun müdiri Nərgiz Şükürova Beynəlxalq Sülh Gününün təsis edilməsi və 21 sentyabr tarixində qeyd olunması barədə məlumat verib. Bildirilib ki, sülh yalnız münaqişələrin qarşısının alınması deyil, eyni zamanda insan hüquqlarına hörmət, qarşılıqlı etimad, dialoq və əməkdaşlıq mühitinin formalaşdırılması ilə sıx bağlıdır. “Sülh Aylığı” çərçivəsində sülh və insan hüquqları arasındakı əlaqəyə dair məlumatlılığın artırılması, qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşmanın təşviq edilməsinin əsas məqsədlərdən olduğu diqqətə çatdırılıb. Tədbirdə həmçinin insan hüquqlarının qorunması və təşviqinin dövlət qurumlarının fəaliyyətində mühüm istiqamət olduğu vurğulanıb. Qeyd edilib ki, AQTA-nın fəaliyyətində qanunçuluq, bərabərlik, şəffaflıq və insan hüquqlarına hörmət prinsiplərinə xüsusi əhəmiyyət verilir. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Giriş