Kartof istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
3 Avqust 2021 18:01
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kartof istehsalçıları və ixracatçıları ilə görüş keçirib.
Videokonfrans formatında keçirilən görüşdə Rusiya Federasiyası tərəfindən meyvə-tərəvəz məhsullarının idxalına qoyulan tələblər, həmçinin müvafiq göstəricilərə uyğun olmayan meyvə-tərəvəz məhsullarının bu ölkəyə ixracının mümkün olmayacağı iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin bildirilib ki, sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydalara uyğun pestisidlərin və aqrokimyəvi maddələrin idxalına icazə verilir. Eyni zamanda təsərrüfatlarda istifadə olunan toxum və tinglər müayinələrə cəlb olunmalı və dövri olaraq dezinfeksiya tədbirləri həyata keçirilməlidir.
Tədbirdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan kartof məhsulunun ixracı zamanı iki halda kartofun qonur çürüməsi zərərli orqanizminin aşkarlanması ilə bağlı daxil olan bildirişlər və bu halların araşdırılması istiqamətində görülən tədbirlər barədə iştirakçılara geniş məlumat verilib. Eyni zamanda kartof məhsulları becərilən təsərrüfatlarda ölkəmizin və Rusiya Federasiyasının idxal tələbləri barədə məlumatlar sahibkarların diqqətinə çatdırılıb. Bitki mənşəli məhsulların ixracı ilə bağlı Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri, ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərin icrası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və təsərrüfat sahiblərinin məsələyə daha diqqətlə yanaşmaları vurğulanıb.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xankəndi və Xocalıda zərərvericilərə qarşı maarifləndirmə tədbirləri keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xankəndi şəhərində, eləcə də Xocalı rayonunun Şuşakənd, Malıbəyli və Quşçular kəndlərində fitosanitar nəzarət və maarifləndirmə tədbirləri keçirilib. Tədbirlərin əsas məqsədi qəhvəyi mərmər bağacığı və Amerika ağ kəpənəyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, bu zərərvericilərin vaxtında aşkar edilməsi və sakinlərin bu sahədə məlumatlılıq səviyyəsinin artırılmasıdır. Yerli sakinlərə karantin tətbiq edilən zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, habelə kənd təsərrüfatı bitkilərinə və yaşıllıqlara vura biləcəyi zərərlər barədə ətraflı məlumat verilib. Zərərvericilərin yayılmasının qarşısını almaq üçün xüsusilə payız-qış mövsümündə həyata keçirilməsi tövsiyə olunan mexaniki və profilaktik mübarizə tədbirləri izah olunub. Tədbirlər çərçivəsində zərərvericilərin vaxtında müəyyən edilməsi, onların mümkün yayılma ocaqlarının aşkarlanması və müvafiq mübarizə tədbirlərinin görülməsinin əhəmiyyəti diqqətə çatdırılıb, sakinlərə maarifləndirici çap materialları paylanıb.
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Amerika ağ kəpənəyi və Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericilərlə mübarizə məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericilərə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən Oğuz rayonunun Bucaq, Bayan, Qəbələ rayonunun isə Mirzəbəyli kəndlərində sakinlərlə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı zərərvericilərin bioloji xüsusiyyətləri, yayılma səbəbləri, bitkilərə vurduğu zərər, xüsusilə Amerika ağ kəpənəyinin tırtıl mərhələsində yaratdığı təhlükə və ona qarşı mübarizə tədbirləri barədə vətəndaşlara məlumat verilib. Eyni zamanda, zərərvericilərin vaxtında aşkarlanmasının və onların yayılmasının qarşısının alınması məqsədilə mütəmadi müşahidə və monitorinqlərin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Tədbirlər çərçivəsində kənd sakinlərinə zərərvericilərlə bağlı maarifləndirici bukletlər təqdim olunub, onların sualları cavablandırılıb və müvafiq fitosanitar tələblərə əməl olunması ilə bağlı tövsiyələr verilib.
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən fitosanitar nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Zərərvericiyə qarşı bitki mühafizəsi tədbirləri çərçivəsində Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Xaçmaz rayonunun Arzu kəndində kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlər zamanı qəhvəyi mərmər bağacığının payız aylarında açıq sahələri tərk edərək qışlama məqsədilə evlərə, anbarlara və digər qapalı tikililərə toplanması barədə sakinlərə məlumat verilib. Eyni zamanda, zərərvericinin sayının azaldılmasında effektiv üsullardan biri olan mexaniki mübarizə tədbirləri və onların tətbiqi qaydaları izah edilib, kənd sakinlərinə qəhvəyi mərmər bağacığı haqqında məlumat kitabçaları paylanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş