“Kənd toyuğu” adı ilə satışa çıxarılan məhsullarla bağlı tədbirlər görülüb
2 Fevral 2023 15:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində bazarlarda ucuz qiymətə (3-ü 10-11 manata) toyuq məhsullarının satışı ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara əsasən, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrində monitorinq aparılıb. Monitorinq zamanı Gürcüstan Respublikasından “Nazal-M” MMC tərəfindən ölkəyə idxal edilən “Poultry Georgiya” MMC-nin istehsalı olan, Belarus Respublikasından “Orion Qlobal” MMC tərəfindən gətirilən "Soliqorsk Quşçuluq Fabriki" ASC-nin istehsalı olan və “AFM Construction” MMC tərəfindən idxal edilən “1-ci Minsk Quşçuluq Fabriki” ASC-nin istehsalı olan ikinci sort toyuq məhsullarının “kənd toyuğu” adı altında satışının həyata keçirildiyi müəyyən edilib. Monitorinq çərçivəsində idxal olunan toyuqlardan götürülən məhsulların etiket məlumatlarında “kənd toyuğu” yazılmaqla, istehlakçıların aldadılmasının qarşısının alınması və hüquqlarının müdafiəsi məqsədilə "Orion Qlobal" MMC, “Nazal-N” MMC və “AFM Construction” MMC-də plandankənar yoxlamalar aparılıb.
Yoxlamalar zamanı toyuq məhsullarının ticarət obyektlərindən geri çağırılması ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və müəssisələrin məsul şəxsləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Verilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar Agentliyin əməkdaşları tərəfindən ticarət obyektlərində təkrar monitorinqlər keçirilib. Bu çərçivədə ümumilikdə 1218.9 kq “kənd toyuğu” adı ilə dövriyyəyə buraxılan məhsul dərhal satışdan kənarlaşdırılıb, müəssisə rəhbərliyinə həmin məhsulun idxalçı şirkətə geri qaytarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Əlavə olaraq, sözügedən idxalçılar tərəfindən ümumilikdə 29799 kq “kənd toyuğu” sözləri qeyd edilmiş ikinci kateqoriyalı toyuq məhsullarının ticarət obyektlərindən geri qaytarılması və üzərində müvafiq dəyişikliklər edilərək yenidən satışa göndərilməsi təmin olunub.
Bununla yanaşı, “AFM Construction” MMC tərəfindən üzərində “Belarus kənd toyuğu” yazısı qeyd olunan 9000 kq məhsul partiyasının “MIN300” MMC-yə satıldığı müəyyənləşib. Həmin MMC-də aparılan plandankənar yoxlama çərçivəsində sahibkar tərəfindən toyuqların guya “geri qaytarılması” barədə saxta qaimə təqdim edilib. Aparılan araşdırmalarla “MIN300” MMC-nin təqdim etdiyi qaimənin saxta olması və toyuqların həmin şirkət tərəfindən mənimsənilməsi faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroruna məktub ünvanlanıb. “AFM Construction” MMC –nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri görülüb.
Məlumat üçün bildiririk ki, laborator sınaqları aparılan yuxarıda adları çəkilən məhsulların təhlükəsizlik göstəriciləri qida sahəsində texniki normativ hüquqi aktın tələblərinə uyğun olub.
Qeyd edək ki, AQTA qanunvericiliyə, o cümlədən öz əsasnaməsinə uyğun olaraq, ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi, istehlakçıların aldadılmasının qarşısının alınması istiqamətində ölkəyə idxal olunan, habelə satışda olan ət və ət məhsullarının dövriyyəsinə nəzarət tədbirlərini davam etdirir. Belə ki, keçirilən monitorinqlər zamanı avtomobillərin yük yerində, bazarlarda, ticarət şəbəkələrində mənşəyi məlum olmayan, müvafiq baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilməyən və baytarlıq sənədləri ilə müşayiət edilməyən, temperatur rejiminə, soyuq zəncir prinsipinə əməl olunmadan, etiketlənməsi qida sahəsində qanunvericiliyin tələblərinə cavab verməyən toyuq və toyuq məhsullarının satışının həyata keçirildiyi müəyyən edilir ki, belə olan hallarda həmin məhsulların satışının qadağan olunması və dövriyyədən yığışdırılması barədə icrası məcburi qərarlar qəbul edilir.
AQTA tərəfindən bundan sonra da avtomobillərin yük yerində, ticarət şəbəkələrində “kənd toyuğu” adı altında məhsulların satışı hallarına qarşı ciddi mübarizə tədbirləri görüləcəkdir. Odur ki, sahibkarları belə məhsulları satmaqdan çəkinməyə, istehlakçıları isə almamağa çağırırıq. Əlavə olaraq, vətəndaşlarımız qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı Agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng edərək müraciət edə bilərlər.
Oxşar xəbərlər
“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb
Abşeron rayonunun Məhəmmədi kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Elşad Zeynal oğluna məxsus istehsal müəssisəsində emal olunan “№1” (11.11.2025-11.11.2026-cı il istehsal və son istifadə tarixli), “Kəhrəba” (27.07.2026-27.07.2027-ci il istehsal və son istifadə tarixli) və “Nabat” (03.09.2026-03.09.2027-ci il istehsal və son istifadə tarixli) əmtəə nişanlı qənd məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində məhsullarda kükürd dioksidin (SO2) miqdarının normadan artıq olduğu aşkarlanıb. Faktla bağlı inzibati cərimə tətbiq olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları ilə bağlı qanunamüvafiq tədbirlər görülür.
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Giriş