“KODEKS ALİMENTARİUS” Komissiyasının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə oldu
15 Sentyabr 2018 00:00
“KODEKS Alimentarius” Komissiyası Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1963-cü ildə qida məhsulları standartlarının işlənib hazırlanması məqsədilə yaradılmışdır. 189 üzvü olan (188 üzv-ölkəni və bir təşkilatı – Avropa İttifaqının üzv olduğu) Kodeks Alimentarius Komissiyasının iclaslarında 225 Kodeks iştirakçısı (56 beynəlxalq dövlət təşkilatı, 153 QHT və BMT-nin 16 təşkilatı) toplanır. KAK sessiyalarında orta hesabla 600 üzv, o cümlədən 130 üzv iştirakçı-hökumət və 40 müşahidəçi təşkilat iştirak edir.
Komissiyanın əsas məqsədi: istehlakçıların sağlamlığının mühafizəsi və qida məhsullarının ticarətində vicdanlı münasibətin təmin olunması; beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatları tərəfindən qida məhsullarına dair standartların üzərində aparılan işin əlaqələndirilməsinə kömək; standartların hazırlanması üzrə işin təşəbbüsü və prioritetlərinin müəyyənləşdirilməsi, həmçinin müvafiq təşkilat vasitəsilə bu işlərə rəhbərlik; tələblərə uyğun hazırlanmış standartların təkmilləşdirilməsi və onların Kodeksə regional və ya ümumdünya standartları kimi artıq işlənmiş və digər orqanlar tərəfindən təsdiqlənmiş digər beynəlxalq standartlarla birlikdə Kodeks Alimentarius-a daxil edilməsi; dərc olunmuş standartlara cari vəziyyətə uyğun olaraq düzəlişlərin edilməsindən ibarətdir.
Qeyri-neft sektorunun inkişafına böyük önəm verildiyi dövrdə Azərbaycanda istehsal olunmuş qida məhsullarının “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılması, idxal-ixrac əməliyyatlarının genişləndirilməsində milli standartların işlənməsinə və onların beynəlxalq tələblərə uyğunlaşdırılmasına ciddi ehtiyac var.
Ölkəmizin qida təhlükəsizliyi sahəsində Dövlət siyasətini həyata keçirən qurum kimi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə ciddi tədbirlər görməklə yanaşı, Kodeks Alimentarius və digər müvafiq beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirməkdədir.
Ölkəmiz 2011-ci ildən Kodeks Alimentarius Komissiyasının üzvüdür. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi Kodeks Alimentarius Komissiyasında Azərbaycan Respublikasının milli əlaqələndirici qurumu təyin edilmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kodeks Alimentarius Komissiyası ilə danışıqların və əməkdaşlığının məntiqi nəticəsi kimi, 10-13 sentyabr 2018-ci il tarixlərində Kodeks Alimentarius Komissiyasının geniş nümayəndə heyəti AQTA-nın dəvəti ilə Bakıya rəsmi səfərə gəlmişdi.
Avropa üzrə regional koordinatoru Nailya Karsibekova, Niderland Krallığının Kənd Təsərrüfatı, Təbiət və Qida Məhsullarının Keyfiyyəti Nazirliyinin Codex Alimentarius məsələləri üzrə Əlaqələndiricisi doktor Mari-Anj Delen, Komissiyanın müxtəlif beynəlxalq komitələrinin təmsilçiləri Janar Tolısbayeva, Msci Gövhər Amirova AQTA rəhbərliyi görüşmüş, qurumun fəaliyyət istiqamətləri ilə tanış olmuş, struktur bölmələrinin məsul işçiləri ilə fikir mübadiləsi aparmışlar. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə tanışlıq, yarandığı qısa müddət ərzində görülmüş işlər onlarda xoş təəssüratlar yaratmış, Azərbaycanla Qazaxıstanın müvafiq qurumları arasında bir çox məqamlarda təcrübə mübadiləsinə ehtiyac duyulduğu vurğulanmışdır.
Rəsmi səfər zamanı qonaqlar həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda AQTA və AQTİ əməkdaşları üçün Kodeks Alimentarius Komissiyasının fəaliyyəti, Kodeks standartlarından istifadə qaydaları, veb portallardan istifadənin üstünlükləri və standartların hazırlanma qaydalarında həssas məqamlarla bağlı təlim keçmişlər. Təlim zamanı iştirakçılar Kodeks Alimentarius Komissiyasının üzvləri – Niderland Krallığının Kənd Təsərrüfatı, Təbiət və Qida məhsullarının keyfiyyəti Nazirliyinin Codex Alimentarius məsələləri üzrə Əlaqələndiricisi doktor Mari-Anj Delenin “Codex Alimentarius” Bu nə üçün vacibdir? Bu necə işləyir?”, “Kodeksin regional tədbirlərinin əlaqələrdirilməsində CCEURO-nun rolu. Regionun problem və tələbatları, gələcək təşəbbüslər”, “Codex Alimentarius” Komissiyasının Avropa üzrə FAO/ÜST Əlaqələndirici Komitəsinin əlaqələndiricisi, tibb elmləri doktoru, professor Nailya Karsıbəyovanın “Codex Alimentarius”-un təşkilati strukturu” və “Əlaqələndirmə nöqtəsi kimi Kodeksin rol və funksiyaları”, tibb elmləri namizədi Janar Tolısbayeva və Msci Gövhər Amirovanın “Profil komitələr çərçivəsində Kodeksin əsas sənədlərinin işlənib hazırlanma strategiyası” və “Kodeksin əsas sənədləri və onlarla iş” mövzularında təqdimatlarını maraqla qarşılamışlar. Qonaqlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına baxış keçirmiş, burada qurulan şəraitlə tanış olmuş, İnstitutun nəzdində yerləşən muzeyi ziyarət etmişlər.
Qonaqlar həmçinin AQTA-nın təşkilatçılığı ilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə səfər etdilər. Nümayəndəliyin rəhbəri doktor, professor Hande xanım Nərimançı, ÜST mütəxəssisi, doktor Cəvahir Süleymanova ilə işgüzar görüşlər zamanı Kodex Alimentarius Komissiyası ilə ÜST arasında ortaq istiqamətlər araşdırılmış, qonaqlar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin yaranmasını və qida təhlükəsizliyi sahəsində əməkdaşlığı yüksək qiymətləndirmişlər.
ÜST Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande xanım təyin olunduğu vəzifədə ilk görüşünün belə ürəkaçan formatda keçirilməsindən məmnun qaldığını bildirmişdir. Eyni zamanda ÜST-lə AQTA arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin məqsədəuyğun olduğunu qeyd etmişdir. Nümayəndə heyəti Qazaxıstanda ÜST mərkəzinin yaradılması məsələsinin mühümlüyünü vurğuladılar və bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyi qərara alındı.
Kodeks Alimentarius Komissiyasından gələn nümayəndələrin Azərbaycana rəsmi səfəri məhsuldar keçməklə yanaşı, qarşılıqlı əməkdaşlıq istiqamətində yeni perspektivlərin açılması ilə yadda qaldı.
Oxşar xəbərlər
Fermer üçün yeni mərhələ: heyvanın identikləşdirilməsindən məhsulun izlənilməsinədək
Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı çərçivəsində heyvanların identikləşdirilməsi sisteminin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Dövlət Proqramının tədbirlər planının 8.5.3-cü bəndinə əsasən həyata keçiriləcək tədbirlər ilk növbədə heyvan sahiblərinin təsərrüfatlarında heyvanların uçotunun və hərəkətinin daha dəqiq izlənilməsinə imkan yaradacaq. Bu isə fermer üçün təsərrüfatındakı heyvanlarla bağlı məlumatların daha sistemli şəkildə aparılması deməkdir. Heyvanın identikləşdirilməsi onun hansı təsərrüfata məxsus olduğunu, hərəkətini və baytarlıq məlumatlarını izləməyə imkan verəcək. Nəticədə xəstəliklərin aşkarlandığı hallarda risk altında olan heyvanların və təsərrüfatların daha sürətli müəyyənləşdirilməsi, müvafiq baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi mümkün olacaq. Sistem fermer üçün heyvanların sağlamlıq vəziyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xəstəliklərin yayılmasının qarşısının daha effektiv alınması təsərrüfatların qorunmasına, heyvan itkilərinin və bununla bağlı iqtisadi zərərlərin azaldılmasına xidmət edəcək. Heyvanların identikləşdirilməsi eyni zamanda heyvan mənşəli məhsulların izlənəbilənliyinin təmin olunmasında mühüm rol oynayacaq. Beləliklə, məhsulun hansı təsərrüfatdan əldə edildiyi barədə məlumatların müəyyənləşdirilməsi qida təhlükəsizliyi zəncirində nəzarətin gücləndirilməsinə imkan verəcək. Dövlət Proqramının icrası çərçivəsində heyvan sahiblərinin identikləşdirmə prosesi barədə məlumatlandırılması və bu istiqamətdə maarifləndirmə tədbirlərinin davam etdirilməsi də nəzərdə tutulur. Beləliklə, identikləşdirmə sistemi fermer üçün yalnız heyvanların qeydiyyata alınması deyil, həm də təsərrüfata nəzarətin gücləndirilməsi, heyvan sağlamlığının qorunması, risklərin vaxtında müəyyənləşdirilməsi və istehsal olunan məhsulların izlənəbilənliyinin təmin edilməsi baxımından əhəmiyyət daşıyır. Bu yanaşma fermer üçün heyvanın qeydiyyatından başlayaraq onun sağlamlıq vəziyyətinin izlənilməsinə, daha sonra isə heyvan mənşəli məhsulların hərəkətinin izlənilməsi imkanlarının genişləndirilməsinə şərait yaradacaq.
Heyvan bazarlarında yeni mərhələ: müasir infrastruktur və gücləndirilmiş baytarlıq nəzarəti
Ölkə üzrə heyvan bazarlarında ötən ildən başlanan yenidənqurma işlərinin əsas hissəsi artıq yekunlaşıb. Yenilənmiş bazarlarda müasir baytarlıq-sanitariya tələblərinin tətbiqi, heyvanların identifikasiyası və hərəkətinin izlənilməsi üçün zəruri infrastruktur yaradılıb. 1 il ərzində ümumilikdə ölkə üzrə 22 heyvan bazarı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyasının Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işləri zamanı əvvəlki bazarlarda mövcud olan baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblərə əməl olunması ilə bağlı çatışmazlıqların aradan qaldırılmasına xüsusi diqqət yetirilib. Bu istiqamətdə sahibkarlıq subyektləri ilə AQTA-nın birgə fəaliyyəti nəticəsində böyük bir layihə qısa zaman kəsiyində icra edilib. Müasir heyvan bazarlarında heyvanların baytar nəzarətində qəbulu, identifikasiyası və hərəkətinin izlənilməsi həyata keçirilir. Bu tədbirlər heyvan xəstəliklərinin vaxtında aşkarlanmasına, onların yayılma riskinin azaldılmasına və ümumi epizootoloji təhlükəsizliyin təmin edilməsinə imkan yaradır. Beləliklə, yenilənmiş və yeni inşa edilən heyvan bazarları yalnız alqı-satqı məkanı deyil, həmçinin heyvan sağlamlığının qorunması, baytarlıq nəzarətinin və sanitariya tələblərinin təmin edildiyi müasir infrastruktur kimi fəaliyyət göstərir. Daha ətraflı:
Daşkəsəndə heyvanların identifikasiyası ilə bağlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsi və Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə heyvanların identifikasiyası işlərinin təşkilinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndələrinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatı sahiblərinin iştirak etdikləri görüşdə heyvanların identifikasiyasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Tədbirdə bildirilib ki, heyvanların fərdi identifikasiyası baytarlıq tədbirlərinin daha dəqiq və səmərəli həyata keçirilməsinə, xəstəliklərin vaxtında aşkarlanmasına və onların yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Eyni zamanda, diqqətə çatdırılıb ki, identifikasiya prosesi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə icra olunur. Sistem vasitəsilə heyvanların qeydiyyatı və onlar barədə məlumatların elektron uçotunun aparılması təmin olunur.
Giriş