Laçında məktəblilərlə növbəti maarifləndirici görüş keçirilib
4 May 2026 15:17
Qida Təhlükəsizliyi Agentliyinin “Sağlam məktəbli” layihəsi çərçivəsində Laçın rayonunda məktəblilər üçün növbəti maarifləndirici görüş keçirilib. Bu dəfə tədbir Taxtakörpü qəsəbəsində yerləşən məktəbdə təşkil olunub.
Görüşdə Agentliyin Şərqi Zəngəzur və Qarabağ regional bölmələrinin mütəxəssisləri şagirdlərə qurumun fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat veriblər.
Tədbirə Laçın Rayon İcra Hakimiyyətinin və yerli səhiyyə qurumlarının nümayəndələri də qatılıb. Sağlam qidalanmanın böyümə və inkişafda rolu, enerji səviyyəsinə və zehni fəaliyyətə təsiri, dərslərdə diqqət və yaddaşın gücləndirilməsində faydası izah olunub.
Daha sonra Agentliyin müfəttişi Hikmət Tarıverdiyev təqdimatla çıxış edərək zəruri məlumatları diqqətə çatdırıb və sualları cavablandırıb. İştirakçılara qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı maarifləndirici bukletlər paylanılıb. Qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz hallarla qarşılaşdıqda Agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri bildirilib.
Ümumtəhsil müəssisələrində maarifləndirici tədbirlər davam etdiriləcək. Məqsəd məktəblilər arasında sağlam qidalanma mədəniyyətini formalaşdırmaq, qida təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq və düzgün qida vərdişlərini təşviq etməkdir.
Oxşar xəbərlər
Azərbaycan fındığının Çin bazarına ixracına başlanılıb-VİDEO
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracı istiqamətində mühüm nailiyyət əldə olunub. İlk dəfə olaraq “AGRARCO” MMC tərəfindən 21 ton qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) Çin bazarına ixrac edilib. Bu ixrac Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında fındıq və badamın karantin və sanitariya tələblərinə dair imzalanmış Protokol çərçivəsində reallaşıb. AQTA-nın dəstəyi ilə görülən tədbirlər nəticəsində müəssisə Çinə qabığı təmizlənmiş fındıq ixrac etmək üçün rəsmi icazə alıb. Çin tərəfinin müəyyən etdiyi fitosanitar və qida təhlükəsizliyi tələblərinə tam cavab verən ilk partiya müvafiq sertifikatlarla təmin olunub. Azərbaycan fındığının bu nəhəng bazara çıxışı yerli istehsalçılar üçün yeni ixrac imkanları açır. Link:
Azərbaycanla Yunanıstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Yunanıstan Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndələri arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi məqsədilə onlayn görüş keçirilib. Görüşdə Yunanıstan tərəfi ölkədə tətbiq olunan heyvanların identifikasiyası və qeydiyyatı sistemi barədə ətraflı məlumat təqdim edib. Müzakirələr zamanı heyvan növlərinə uyğun tətbiq olunan identifikasiya vasitələri (qulaq nişanları, elektron çiplər və s.), həmçinin identifikasiya və qeydiyyat sisteminə riayət olunmasına nəzarət məsələləri diqqət mərkəzində olub. Bundan başqa, Yunanıstan tərəfi ölkəmizə süd və balıqçılıq məhsullarının idxalına maraq göstərdiyini bildirib. Sonda maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş