Lerikdə su istehsalı müəssisəsində yoxlama aparılıb
14 Avqust 2024 11:26
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Monidigah kəndində fəaliyyət göstərən “Şəfa” MMC-yə məxsus su istehsalı müəssisəsində yoxlama həyata keçirilib.
Yoxlama zamanı istehsal müəssisəsində qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, emal, saxlanc və digər proseslərin eyni sahədə həyata keçirildiyi, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub. Müəssisədə işçilərin tibbi müayinədən keçmədiyi, fərdi mühafizə vasitələrindən istifadə etmədiyi aşkar edilib. İstehsal olunan “Şəffaf su” məhsullarının etiketlənməsində isə qanunvericiliyin (hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli) tələblərinin pozulduğu məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib. İstehsal müəssisəsinin fəaliyyəti ilə bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.
Oxşar xəbərlər

Bərdə bazarında satışa çıxarılan süd məhsullarında uyğunsuzluq aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonu, Ü.Hacıbəyov küçəsində fəaliyyət göstərən “Bərdə Ticarət” ASC-yə məxsus bazarda yoxlama keçirib. Baxış zamanı bazarda mənşəyi məlum olmayan süd məhsullarının satışa çıxarıldığı məlum olub. Eyni zamanda pendir və nehrə yağı məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində hər iki məhsulda uyğunsuzluq - Stafilokok bakteriyası müəyyən edilib. Bazarda həmçinin əl yuma çanaqlarının, havalandırma sisteminin quraşdırılmadığı, qida məhsullarının yuyulması üçün ayrıca sahələrin təşkil edilmədiyi, tullantıların ağzı kip bağlanan qablarda toplanmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, uyğunsuzluq aşkarlanan məhsulların satışının qarşısı alınıb və icrası məcburi göstərişlər verilib.

Qobustanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qobustan şəhəri, B.Qayıbov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Xankişiyev Samir Mirzağa oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsində sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçi heyətin tibbi müayinəyə cəlb olunmadığı, işçi masaların gigiyenik səthlə təmin edilmədiyi, döşəmə, divar səthlərinin asan təmizlənən və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materialla üzlənmədiyi, çirkləndiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunverciliyin tələbinə uyğun olaraq müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Bitkiçilik təsərrüfatlarının qeydiyyatı məhsulların ixrac prosesini sürətləndirir
Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ixrac imkanlarının genişləndirilməsi və daxili bazarda sağlam məhsul dövriyyəsinin təmin olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bitkiçilik təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatı prosesi davam etdirilir. Qeydiyyatın əsas məqsədi təsərrüfatların fəaliyyətini qanuni şəkildə tənzimləmək, bitki xəstəlikləri və zərərvericilərlə mübarizəni gücləndirmək, eləcə də məhsulların ixraca yararlılığını təmin etməkdir. Agentlik qeydiyyata alınmış təsərrüfatlarda mütəmadi monitorinqlər və profilaktik tədbirlər həyata keçirir, sahibkarlara zərərvericilərlə mübarizə üsulları və bitki mühafizə vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimatlar verir. Qeydiyyat yalnız ölkədaxili iqtisadiyyat üçün deyil, beynəlxalq fitosanitar öhdəliklərin yerinə yetirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, qeydiyyatsız təsərrüfatlardan ixrac edilən məhsulların mənşəyi məlum olmadığı üçün bəzi hallarda qarşı ölkələr tərəfindən ixraca məhdudiyyətlər tətbiq olunur. Sahibkarlar da qeydiyyatın faydalarını öz təcrübələrində təsdiqləyirlər. İxrac prosesində yaşanan ləngimələr və çətinliklərin qeydiyyatdan sonra aradan qalxdığını bildirən fermerlər məhsulların sağlam və təhlükəsiz şəkildə bazara çıxarılmasının artıq daha asan olduğunu vurğulayırlar. Qeydiyyat prosesi tamamilə ödənişsiz həyata keçirilir və sahibkarlar üçün heç bir əlavə öhdəlik yaratmır. Fermerlər bu prosesə AQTİS sistemi üzərindən onlayn, həmçinin ASAN xidmət mərkəzləri və AQTA-nın regional bölmələri vasitəsilə müraciət edə bilərlər. Dövlət rüsumundan azad olan bu xidmət sahibkarlara dəstək məqsədi daşıyır və sadə, sürətli şəkildə həyata keçirilir. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi sahəsində qeydiyyatsız fəaliyyət göstərmək qadağandır. Bu səbəbdən fermerlərə və ailə təsərrüfatı sahiblərinə öz təsərrüfatlarını qeydiyyata salmaqları tövsiyə olunur. Nəticə etibarilə qeydiyyat qanuni fəaliyyət, sağlam məhsul, asan ixrac, güvənli gələcək deməkdir.